Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə fərdi Avropa çempionatı Azərbaycan təmsilçiləri üçün tarixi uğurla yekunlaşıb.
Offsideplus.az xəbər verir ki, 43 ölkənin qatıldığı bu mötəbər yarışın sonuncu – XI turunda Azərbaycan şahmat məktəbinin yetirmələri ilk dördlükdə üç yer tutaraq böyük nailiyyətə imza atıblar.
Turnirin həlledici mərhələsinə lider kimi daxil olan Nicat Abasov ağ fiqurlarla Rumıniya təmsilçisi Daniel Boqdanla heç-heçə edərək yarım xalla kifayətlənib və nəticədə 8,5 xalla qitə birinciliyini ikinci pillədə başa vurub. Eyni xala malik olan ukraynalı Roman Deqityarov isə son turda ispaniyalı David Qixarronu məğlub edərək Avropa çempionu adını qazanıb.
Digər təmsilçilərimizin duelinə gəlincə, Aydın Süleymanlı ilə Məhəmməd Muradlının qarşılaşması heç-heçə ilə yekunlaşıb ki, bu da hər iki şahmatçımızın xalını 8,5-ə çatdırıb. Əlavə göstəricilərə əsasən, Aydın Süleymanlı bürünc medala sahib çıxıb, son Azərbaycan çempionu Məhəmməd Muradlı isə dördüncü yerdə qərarlaşıb.
Bu nəticə ilə hər üç qrossmeysterimiz gələn il keçiriləcək Dünya Kubokuna vəsiqəni təmin ediblər.
Beləliklə, Azərbaycan şahmatçıları turniri iki medalla tamamlayaraq kişi şahmatçıların qitə çempionatındakı 19 illik medal həsrətinə son qoyublar.
Qeyd edək ki, buna qədər bu yarışda yeganə medalımızı 2005-ci ildə Teymur Rəcəbov (gümüş) qazanmışdı.