EN

Hüsamettin İnaç: Rusiya Ukrayna müharibəsini yalnız Türkiyə bitirə bilər

Sherg.az saytına istinadən ain.az xəbər verir.

"Türkiyə Rusiya və Ukrayna liderləri ilə təmaslarında münaqişənin həlli üçün danışıqları təşkil etməyə hazır olduğunu dəfələrlə bəyan edib".

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun bağlanışına həsr olunmuş mətbuat konfransında deyib.

"Türkiyə hər zaman liderlər səviyyəsində danışıqları təşkil etməyə hazırdır və biz texniki səviyyədə də müzakirələr aparmağa razıyıq. Bizim bununla bağlı heç bir problemimiz yoxdur. Əvvəllər olduğu kimi, yenə də eyni şəkildə hərəkət etməyə hazırıq",- deyə o vurğulayıb.

Beynəlxalq siyasət üzrə ekspert Dr.Hüsamettin İnaç Sherg.az-a Türkiyənin 4 ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsində “aktiv tərəfsizlik” kimi ifadə olunan siyasət izlədiyini söyləyib: 

"Bu siyasətin nəticəsi olaraq Ukraynanın həqiqətən işğal edilmiş bir güc olduğu və Rusiyanın da işğalçı olduğu ortaya qoyuldu. Ancaq hər iki tərəflə dialoqu kəsmədən, ortaq bir zəmində onların danışa biləcəyi etibarlı platforma yaratmağa çalışdı. Bu baxımdan hər iki tərəfin hörmətini qazandı. Çünki Prezident Rəcəp Tayyip Ərdoğan son dərəcə etibarlı liderdir. Öz əleyhinə belə olsa, doğru hesab etdiyi şeyi etməkdə qətiyyən tərəddüd etmir. Bir tərəfdən bu prosesdə Türkiyə Rusiyaya tətbiq olunan embarqoya qoşulmayaraq Rusiya üçün ciddi bir nəfəs borusu olma yolunu seçdi. Yəni həm hava yolunu açıq saxlaması, həm də enerji istehsalına davam etməsi olduqca əhəmiyyətli idi. Digər tərəfdən isə Ukraynanın müdafiəsinə ciddi dəstək verdi. İHA-lar, SİHA-lar və texnologiya mübadiləsi ilə Ukraynanın yanında yer aldı. Eyni zamanda Avropa və Amerika ilə birlikdə Ukraynaya edilə biləcək yardımların koordinasiyası məsələsində də uğur qazandı. Müharibənin ilk ayında o, tərəfləri İstanbulda bir araya gətirdi. Daha sonra Antalyada keçirilən forum çərçivəsində xarici işlər nazirləri görüşdülər. Xüsusilə taxıl dəhlizinin açılması və dünyanın, xüsusilə Afrikanın ehtiyacı olan ölkələrinə həm Rusiya, həm də Ukrayna taxılının çatdırılması istiqamətində ciddi səylər göstərdi. Gübrə və digər enerji resursları ilə birlikdə bu təşəbbüs Türkiyənin hər iki tərəf baxımından nüfuzunu daha da artırdı".

Ekspert Rusiya-Ukrayna müharibəsində Türkiyənin yenidən rol oynaya biləcəyinin mümkün olduğunu bildirib: 

"Son 4 il ərzində mövqeyini dəyişməyən, hər iki tərəflə dialoqu davam etdirən, həm Rusiyanın, həm də Ukraynanın güvəndiyi və xoş niyyətinə inandığı Türkiyə reallığı var. Bu müddət ərzində müharibənin başladığı günlərlə müqayisədə Türkiyə daha da güclənmiş, geosiyasi əhəmiyyəti artmış ölkəyə çevrilib. Çünki bu zaman ərzində Türkiyə müdafiə sənayesinə ciddi investisiyalar qoyaraq yerliləşdirmə səviyyəsini təxminən 85 faizə çatdırmağı bacarıb. Digər tərəfdən, xüsusilə Ukrayna müharibəsindən sonra Donald Trampın hakimiyyətə gəlməsi ilə 85 illik Transatlantik İttifaqının zəifləməsi, NATO ittifaqının dağılma istiqamətində getməsi və ABŞ-nin Avropaya dəstəyinin azalması fonunda Türkiyə öz təhlükəsizlik sistemi və ordusu ilə Avropa üçün xilasedici güc rolunu daşıyan ölkəyə çevrilib. İstər Aralıq dənizində, istər Qara dənizdə, istərsə də Xəzərdə NATO təhlükəsizliyini təmin edən mühüm güc amilinə çevrilib". 

Analitik qeyd edib ki, 2020-ci ildəki II Qarabağ müharibəsindən sonra Azərbaycanla qurduğu gücün Türk dünyasına yayılması Türkiyənin geosiyasi əhəmiyyətini daha da artırıb:

"Eyni zamanda Qəzza ilə bağlı sülh təşəbbüslərində yer alması və İranla ABŞ-İsrail ittifaqı arasında vasitəçilik istiqamətində göstərdiyi səylər də Türkiyənin rolunu daha da gücləndirib. Bütün bunları ümumiləşdirdikdə, bu gün gəlinən nöqtə Rusiya-Ukrayna müharibəsinin həll ünvanının da əslində Türkiyə olduğunu göstərir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
sherg.az

1Sources