EN

Əşrəf təkdir, yoxsa cüt?

Yaşadığım qəsəbədə orta məktəblərdən birinə yaxın qəssabxana var. Səhərin gözü açılmamış malı yıxırlar yerə, hamının gözü qabağında başını kəsirlər, qan su yerinə axır düz qəsəbə meydanına. Özü də bu hadisə mən işə, uşaqlar da dərsə gedən saatlarda - səhər 7-8 arası yaşanır. Bir dəfə tanışlardan biri qəssaba şikayət edib ki, uşaqlara niyə travma yaşadırsan axı? Tanışımın arqumenti də belə olub ki, o qəddar görüntü məktəbə gedən azyaşlının psixologiyasına, zehninə pis təsir edər, gecə qorxar, gündüz gözünün qabağına gələr, dərs oxuya bilməz və sair. Qəssab da qayıdasan ki, bəs ağlın bizim zamanımızdakı uşaqlara getməsin, indikilər qəddarın qəddarıdır. Eləsi var, gəlib barmağı ilə ölmüş inəyin gözünü çıxarır, bir başqası telefonu ilə inəyin qanını çəkir, onu tiktoka qoyur və sair...

Bu olayı niyə danışdım? Türkiyədə şagirdin törətdiyi o qətliamdan sonra ölkə ayaqdadır. Dərhal içində mafiya mövzusu, silah, vurdu-qırdı səhnələri olan serialları yayından çıxarıblar. Sonra da deyiblər ki, bəs ssenaridə dəyişiklik edin, sonra baxarıq. İndi senaristlər iki əl-bir baş düşünür ki, əcəba mafiya serialından eşq serialına keçmək üçün nə etsinlər? Halbuki bu seriallar illərdir ki, var. Taaa 2000-lərin əvvəlindən, “Qurdlar Vadisi” əfsanəsi başlayandan... Sonra ardı-arası kəsilmədi. “Eşkiya dünyaya hökmdar olmaz”, “Qurdlar Vadisi Pusu”, son illərdə də “Eşref Tek”, “Yeraltı”, “Taşacak ha bu deniz”.... Varın siyahını siz artırın, mənim səbrim çatmadı. Bütün seriallarda isə “ağır abilər”, mafiya başçıları, racon, silah... Silah səsləri az qala “sabahın xeyir” niyyətinə istifadə olunur seriallarda. Amma səbəb budurmu? Bütün məsuliyyətimlə deyirəm ki, yox!

Biz də yaşamışıq. Bizdə də psixopat Əhməd Əhmədov bütün ailəsini öldürdü. Bizdə də özəl liseylərdən birində bir məktəbli müəlliməsini yaraladı. Şagirdlər arasında bıçaqlanma, silah gəzdirmə... geniş yayılıb. Amma nəzərə alın ki, uşaqlar indi o seriallara baxmırlar, təhlükəli, qanlı internet oyunlarının əsirləridilər. O oyunlarda saatlarla əsir qalır, virtual silahla adamlar “öldürür”, kompüterin ekranını qan gölünə döndərirlər. Aqressiya, şiddət, qətliam.... bunları etdikdən sonra isə “level adlama” mərhələsi. Beləcə, bayır-bacaya göndərmədiyimiz uşaqların oyun dostları olur o kompüter oyunlarındakı canavarlar. Və belə yetişən uşaqdan siz nə gözləyirsiz? Valideyn hesab edir ki, uşaq evdədirsə, təhlükəsiz yerdədir. Az qala 3-4 aylığından uşağın əlinə telefon, planşet verib, ona baxa-baxa yemək yedizdirən valideynlərin əsridir. O cür böyüyən uşağın telefondan, kompüterdən uzaq duracağını təsəvvür edirsizmi? Mümkün deyil...

O dəfə tanınmış aktyorlardan biri Rəfael İsgəndərovun müsahibəsində diqqətimi cəlb edən bir cümlə oldu. Dedi ki, “siz heç son illərdə qolu sarıqlı, gipsdə uşaq görmüsüzmü?”. Və bunu da onunla izah edirdi ki, indi uşaqlar çöldə-bacada oynayıb, qol-qıçını sındırmır, ağac başından, qaraj damından yıxılmır, futbolda ayağı zədə almır. Olsa da, çox az faizində olur bu. Səbəbi də uşaqların bütün enerjisini o təhlükəli kompüter-internet oyunlarına yönləndirməsidi. Bütün valideynlərdən üzr istəyirəm, amma bəzən evinizin içində bir zombinin yetişməsindən xəbəriniz belə olmur. O manyakca oyunlarda uşaqlar tapşırıq alır, missiya alır, cəsur görünmək üçün onların çoxunu icra edir, nəticədə qəddarlaşır, qaniçən qatil psixologiyasına sahib olur. Hətta bəzi oyunlar uşaqları intihara qədər aparır: məsələn, Mavi balina... Bütün dünyanın kabusudur o oyun...
Ərinməyib o oyunların nələrdən ibarət olduğunu araşdırdım. İlahi, nələr var onların içində? Sağ qalmaq üçün ölümünə savaşmaq, rəqibi sıradan çıxarmaq üçün ən qəddar üsullardan istifadə... Elə aqressiya ilə yetişən uşaq bəzən gerçək həyatı da bir kompüter oyunu hesab edir, elə yaşayır. Bütün gün tiktokda vaxt keçirən, telefondan, kompüterdən başını qaldırmayan uşaqdan mərhəmət gözləmək əslində bizim sadəlövhlüyümüzdür. Yazının girişində, barəsində danışdığım qəssab bu məsələdə hamımızdan daha müdrikdir. Çünki o uşaqların qandan, başı kəsilmiş heyvandan qorxmadığını bilir. Bizsə onlara təhlükənin haradan gəldiyini hələ də tapmamışıq. Elə bilirik ki, günah “Əşrəfin tək olmasındadır”. Halbuki Əşrəf də tək deyil, bizim uşaqları təhlükəyə atanlar da... Alın cocuqların əlindəki o saatlı bombaları. Onları mükafatlandırmaq adına kompüter, telefon, planşet hədiyyə edib, sonra da o bombanın necə partlayacağını gözləməyin...

Chosen
18
musavat.com

1Sources