EN

"Turan" voleybol klubunun baş məşqçisi Ziya Rəcəbov: "Əsas hədəfimiz Avropadır"

Azərbaycan Yüksək Liqasının qalibi olan qadın voleybolçulardan ibarət ​"Turan" komandasının əsas hədəfi Avropada uğur qazanmaqdır.

Bunu "Report"a açıqlamasında Tovuz təmsilçisinin baş məşqçisi Ziya Rəcəbov deyib.

​O, "DH Volley"ə qarşı keçirdikləri final matçının çətin keçdiyini bildirib:

​"İlk dəqiqələrdə adaptasiya baxımından bir az çətinlik çəkdik. Amma növbəti setlərdə daha yaxşı çıxış etdik. Hesabda geridə olduğumuz anlarda oyunçulara motivasiya verməyə çalışdım. Özüm emosional insanam və bu enerjini onlara da ötürdüm. Voleybolçular da bütün tapşırıqları yerinə yetirərək çempionluğa nail oldular".

​Z.Rəcəbov növbəti hədəflərinin beynəlxalq arenalar olduğunu vurğulayıb: ​"Əlbəttə əsas hədəfimiz Avropadır. Orada da sözümüzü deməyə qadirik. Komandanı bir az da gücləndirib, uğurlar qazanmaq istəyirik. Qalib heyəti qorumaq fikrimiz var. Limit qaydalarına uyğun olaraq, iki legioner və yerli oyunçularla heyəti daha da təkmilləşdirsək, Avropada yaxşı nəticələr əldə edəcəyik".

Qeyd edək ki, "Turan" komandası finalda "DH Volley"i 3:1 hesabı ilə məğlub edib.

Chosen
11
1
far.az

2Sources