“İmişli"nin baş məşqçisi Xorxe Kaskilya Misli Premyer Liqasının 28-ci turu çərçivəsində səfərdə "Kəpəz"ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:0 hesablı qələbə qazandıqları matçla bağlı bunları söyləyib:
“Oyunu yaxşı analiz etmişdik. Bu matça bütün komanda hazır idi. Düşüncəmiz 3 xal ilə ayrılmaq idi. Bu da baş verdi. Bu oyunu Mozesə həsr edirik. 3 gün öncə atasını itirmişdi. Lakin bu matçda çox yaxşı çıxış edərək qələbəmizdə pay sahibi oldu. Azarkeşlərimizə də bizə səfərdə dəstək olduqları üçün təşəkkür edirik. Standart vəziyyətlərin üzərində çox işləyirik. Qolu da bu vəziyyətlərin birində vurduq. İlk hissədə hesabı artıra da bilərdik. İkinci hissədə rəqib daha yaxşı çıxış etdi. Lakin biz də müdafiə futbolunda uğurlu olaraq qələbə qazana bildik. Nəticə oyuna görə oldu. Mövsümün əvvəlində texniki heyət komandanın bu keyfiyyətinə çox inanırdı. Bu çətinliklər "İmişli"ni formalaşdırdı. Bu zarafat deyil. 1-ci Liqadan yüksələn komanda üçün ilk ilində bu xalları yığmaq asan deyil”.