EN

Tramp İranı hədələdi: Bütün elektrik stansiyalarını və körpüləri məhv edəcəyik

BAKI, 19 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp rəsmi Tehranın onlara təklif olunan razılaşmanı qəbul etməyəcəyi təqdirdə İrandakı hər bir elektrik stansiyasını və körpünü vurub sıradan çıxaracağı ilə hədələyib.

Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə özünün "Truth Social" sosial media platformasında yazıb.

"İran dünən Hörmüz boğazında atəş açmaq qərarına gəldi - bu, bizim atəşkəs razılaşmamızın tamamilə pozulmasıdır!" - deyə D.Tramp qeyd edib.

O iddia edib ki, İran hərbçiləri Fransaya məxsus gəmiyə və Böyük Britaniyanın yük gəmisinə atəş açıblar.

"İran bu yaxınlarda boğazı bağladığını elan etdi. Bu isə qəribədir, çünki bizim tətbiq etdiyimiz blokada onsuz da oranı bağlayıb. Onlar fərqində olmadan bizə kömək edirlər", - deyə Tramp bildirib.

ABŞ rəhbəri rəsmi Tehrana xəbərdarlıq edərək kompromisə gəlməyə çağırıb:

"Biz çox ədalətli və məqbul bir razılaşma təklif edirik və ümid edirəm ki, onlar bunu qəbul edəcəklər. Çünki əgər qəbul etməsələr, Birləşmiş Ştatlar İrandakı hər bir elektrik stansiyasını və hər bir körpünü məhv edəcək. Əgər onlar razılaşmanı qəbul etməsələr, o obyektlər çox sürətlə və asanlıqla yerlə-yeksan ediləcək".

Chosen
19
3
teleqraf.com

4Sources