EN

“Topçu İsgəndər”in qızı: “Sən torpağa düşmədin, ata” - FOTOLAR

Azərbaycanın Milli Qəhrəmanı, Axısqa türkəsilli, Qarabağ müharibəsi şəhidi İsgəndər Aznaurovun qızı Zuina Aznaurova atasının məzarından paylaşım edib.

Musavat.com xəbər verir ki, o, paylaşımında atasını 33 ildir böyük həsrətlə andığını bildirib:

"Sənsiz keçən 33 il… Sən torpağa düşmədin, ata, bir millətin qəlbində kök saldın. Adın cəsarətinlə birlikdə əbədi yaşayacaq. Ruhun şad olsun, qəhrəman atam. Səni həsrətlə, minnətlə və qürurla anırıq".

WhatsApp

Qeyd edək ki, erməni işğalçılarının Azərbaycan torpaqlarına basqınları başlayanda İsgəndər Aznaurov 1992-ci ilin aprelində könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulub. Şınıxda yerləşən və indi onun adını daşıyan qaladan düşmən üzərinə od ələyərək bir gündə onların 4 topunu sıradan çıxarıb, onlarla erməni işğalçısını məhv edib, düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıdıb. 1993-cü ilin yaz aylarında hücuma başlamazdan əvvəl Aznaurov top atəşi ilə düşmən postunu məhv edib və düşmən onun başı üçün pul mükafatı müəyyənləşdirib.

Aznaurov "N" saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin olunub. Başkəndin erməni quldurlarından təmizlənməsində, "Mutudərə", "Ərdağı", "Kaftar qayası", "Ləzgi daşı" əməliyyatlarında xeyli düşmən texnikası, canlı qüvvəsini məhv edib.

isgnder

1993-cü il 18 apreldə Gədəbəydə "Örükdaş"da düşmənin 13 texnikasına qarşı 3 növ texnika ilə vuruşub. Səhhətində problemlər yaranmasına baxmayaraq, müalicə almaqdan imtina edib. Daha sonra arxa cəbhədəki mövqeyini tərk edərək, minalanmış geniş ərazini keçərək ön cəbhəyə -döyüşlərin ən qızğın hissəsinə yollanıb. Orada gedən atışmalar zamanı Aznaurovun topu düşmən hədəfinə tuş gəlib və qəhrəmancasına həlak olub. Bakının Şəhidlər xiyabanında dəfn edilib.

Ailəli idi, 3 qızı var.

Azərbaycan xalqı arasında "Topçu İsgəndər" kimi tanınırdı. Onun şərəfinə Gədəbəy rayonunun Şınıx kəndinin Mormor yüksəkliyi "İsgəndər qalası" və "İsgəndər postu" adlandırılıb. Aznaurovun istifadə etdiyi KS19 topu isə hələ də nümunə olaraq saxlanılır. Şəmkir rayonunda Ceyrançöldə salınmış qəsəbəyə onun adı verilib. Gədəbəydə "N" saylı hərbi hissənin önündə isə büstü ucaldılıb. Şəmkir rayonunun Kür qəsəbəsindəki 1 saylı məktəb onun adını daşıyır. Məktəbin qarşısında onun büstü ucaldılıb. Bakıda Istiqlal Muzeyində Aznaurovun həyatını, keçdiyi döyüş yolunu əks etdirən fotostendlər qurulub, şəxsi əşyaları toplanıb.

isgendr

Şahanə Rəhimli
Musavat.com

Chosen
24
2
musavat.com

3Sources