EN

“Hətta belə iddialar var ki, Avropada Azərbaycana qarşı...”

“Niderland və Belçika kimi nisbətən kiçik dövlətlərin vaxtaşırı anti-Azərbaycan kampaniyalarında yer alması təsadüfi deyil. Bəlkə də cəmiyyət olaraq biz buna yetərincə diqqət ayırmırıq. Burada bir neçə amil rol oynayır. Birincisi, xristian təəssübkeşliyi faktorudur. Yəni, formal olaraq tolerantlıqdan danışsalar da, bəzi dairələrdə müsəlmanlara qarşı soyuq münasibət açıq hiss olunur. Digər tərəfdən, türk kimliyinə qarşı mənfi yanaşma da bu ölkələrdə müəyyən çevrələrdə mövcuddur. Bu səbəbdən, fürsət düşən kimi Azərbaycana qarşı hansısa addım atmağa meyilli olurlar”.

Bunu Musavat.com-a açıqlamasında siyasi şərhçi Azər Həsrət Niderland və Belçika parlamentlərinin nümayəndələr palatalarının Azərbaycan əleyhinə qətnamələr qəbul etməsindən danışarkən bildirib.

Azər

Onun sözlərinə görə, Azərbaycan bu gün sabitliyi, beynəlxalq sülhə verdiyi töhfə və ümumilikdə normal, funksional dövlət kimi formalaşması ilə diqqət mərkəzindədir:

“Əlbəttə, nöqsanlar da var. Amma bu nöqsanların müzakirə ediləcəyi əsas platformalar Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlardır, məsələn, BMT, ATƏT və Avropa Şurası kimi qurumlar. Hər hansı bir ölkənin parlamentində başqa bir dövlətin daxili məsələlərinin müzakirəyə çıxarılması isə nə etik, nə də diplomatik baxımdan doğru sayılır. Parlament hər şeydən əvvəl öz xalqının və öz dövlətinin problemlərini müzakirə etməlidir.

Bu baxımdan, Azərbaycanla bağlı məsələlərin müxtəlif ölkələrin parlamentlərində davamlı şəkildə gündəmə gətirilməsi təsadüfi deyil. Qeyd olunduğu kimi, burada islamofobiya, türkologiyaya qarşı qərəz və ümumilikdə anti-Azərbaycan mərkəzlərinin fəaliyyəti də rol oynayır. Xüsusilə özlərini Azərbaycan müxalifəti kimi təqdim edən bəzi qrupların bu boşluqlardan istifadə etməyə çalışdıqları vurğulanır”.

Şərhçi bildirib ki, bəzi müşahidələrə görə, proseslərin arxasında daha geniş geosiyasi təsirlər də mövcud ola bilər: ”Hətta belə iddialar var ki, Avropada müəyyən siyasi dairələr dolayısı ilə başqa güclərin təsiri altında hərəkət edir və bu kimi məsələlərdə Azərbaycan kimi dövlətlərə qarşı təzyiq formalaşdırmağa çalışırlar.

Bütün bunlar, təbii ki, narahatlıq doğurur. Lakin eyni zamanda bir məsələ də aydındır: Azərbaycan parlamenti bu istiqamətdə daha fəal olmalıdır. Deputatlar müxtəlif ölkələrin parlament üzvləri ilə daha sıx əlaqələr qurmalı, daimi təmasda olmalı, informasiya mübadiləsi aparmalıdırlar. Məqsəd odur ki, belə müzakirələr zamanı həmin ölkələrin daxilində də Azərbaycanın mövqeyini müdafiə edən səslər eşidilsin.

Təəssüf ki, bu sahədə fəaliyyət hələ də arzu olunan səviyyədə deyil. Ayrı-ayrı şəxslərin aktivliyi müşahidə olunsa da, ümumi parlament fəaliyyəti baxımından boşluqlar qalır. Nəticədə isə informasiya meydanı tam dolmadığı üçün Azərbaycana qarşı bu cür addımların atılması üçün şərait yaranır”.

Xatırladaq ki, aprelin 16-da Niderland parlamentinin nümayəndələr palatası deputat Don Sederin təklifi ilə Bakıda Azərbaycana və onun vətəndaşlarına qarşı cinayətlər törətməkdə təqsirli bilinərək həbs edilən erməni terrorçuları və qondarma erməni soyqırımının tanınması haqqında sənədlə hökumətə müraciət edib. Elə həmin gün Belçika parlamentinin nümayəndələr palatası deputat Mişel de Maqdanın oxşar məzmunlu sənədini qəbul edib. Sənəddə həmçinin Azərbaycanı könüllü tərk etmiş Qarabağ ermənilərinin geri qaytarılması tələb olunur.

Şahanə Rəhimli,
Musavat.com

Chosen
31
20
musavat.com

10Sources