EN

Qurban Qurbanov Elvin Cəfərquliyevlə bağlı danışdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 28-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:

"Meydanda həqiqətən yaxşı futbol atmosferi var idi və mən rəqibimiz 'Sabah'ı qələbə münasibətilə təbrik edirəm. Təəssüflər olsun ki, biz bu gün daha yaxşı oynamalı idik, lakin məğlub olduq. Hazırda qarşımızda çox sıx bir oyun qrafiki var, ona görə də yalnız önümüzə baxmalıyıq. Etiraf etməliyəm ki, bəzi oyunçularımızın performansında müəyyən çatışmazlıqlar nəzərə çarpırdı."

Kadi Borges, Kevin Medina və digər bəzi futbolçuların meydanda tez-tez sürüşdüyü müşahidə olundu. Bunun səbəbi nə idi?

"Bu, birbaşa meydanın vəziyyəti ilə əlaqəli ola bilər."

-Özünüzü necə hiss edirsiniz? Ümumiyyətlə, yorulduğunuz anlar olurmu?

"Bir az gərginlik və çatışmazlıqlar var. Komanda olaraq Çempionlar Liqasından qalan yorğunluğu hələ də hiss edirik. Daha çox məşq etməyə və formamızı bərpa etməyə ehtiyacımız var."

- Elvin Cəfərquliyevi bağışlamaq olarmı? "Dinamo Zaqreb"ə yollanacağı və sizinlə bu barədə danışdığı deyilir. Belə bir sərt qərar verməyinizə səbəb nədir?

"Biz həmişə bağışlayaraq bu yerlərə gəlmişik. Tək o deyil, biz özümüz də vaxtilə futbolçu olmuşuq və bu cür hadisələrdən nəticə çıxarmışıq. Sevindirici hal odur ki, futbolçu hər şeyi olduğu kimi, düzgün şəkildə ifadə edib. Mən hər zaman futbolçularımın arxasındayam və onların inkişafını düşünürəm. Lakin bura 'Qarabağ' klubudur və burada daim yüksək səviyyəli çıxış tələb olunur. Bağışlamağa gəldikdə isə, mən hər zaman demişəm ki, bəlkə başqa klublarda hansısa səhvlərə göz yummaq olar, amma 'Qarabağ'da belə xətalara göz yuma bilmərik. Hələ hər şey qarşıdadır, bu barədə düşünəcəyik."

- Qarşıdan gələn kubok matçından gözləntiləriniz nədir?

"Heyətdə müəyyən dəyişikliklər olacaq. Yenidən 'Sabah' komandasına qarşı oynayacağıq və sona qədər mübarizə aparacağıq."

- Leandro Andrade əvvəllər 60-cı dəqiqədə əvəzlənirdisə, artıq 90 dəqiqə meydanda qalır. Aleksey Kaşukun durumu necədir və o, niyə Andradeni əvəz edə bilmir?

"Çempionlar Liqası ilə daxili çempionatımız arasında böyük fərq var. Andrade çox intizamlı futbolçudur və 90 dəqiqə oynamaq gücünə malikdir. Kaşuk isə hazırda rəqabəti uduzur, lakin hələ ki yollarımızı ayırmamışıq."

- "Qarabağ"ın çempionluğu əldən verməsi azarkeşlərin etirazına səbəb oldu. Bu barədə nə deyə bilərsiniz?

"Mən hər hansı bir kəskin etiraz eşitmədim. Azarkeşlərimiz sona qədər bizə dəstək oldular. Bizim tərəfdarlarımız böyük təcrübəyə malikdirlər və onların futbol baxis bucaqları fərqlidir."

-Bir neçə gün öncə doğum gününüz idi. Özünüzə nə arzu etdiniz?

"Xüsusi bir şey yoxdur. Allaha şükür edirəm ki, dünyaya gəlmişəm. Əsas arzumuz işimizə sadiq olmaqdır. Xüsusi bir diləyim olmayıb."

Kamil Xudiyev

Chosen
8
fanat.az

1Sources