EN

Vyanada Azərbaycan çempionu ilə sinxron şahmat turniri təşkil olunub

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu, beynəlxalq usta Ülviyyə Fətəliyeva ilə sinxron şahmat turniri təşkil olunub.

“İki sahil” xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin Vyana Şahmat Federasiyası ilə birgə təşkil etdiyi seansda peşəkar və yeniyetmə şahmatçılar, eləcə də şahmat həvəskarları olmaqla 15 oyunçu iştirak edib.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova seansdan öncə çıxışında Vyana Şahmat Federasiyası ilə əməkdaşlığın artıq ənənə halı aldığını diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan şahmatçıları ilə turnirlərin təşkili yeni nəsil şahmatçıların inkişafına töhfə xarakteri daşıyır.

L. Qasımova bildirib ki, zəngin ənənələrə malik Azərbaycan şahmat məktəbinin inkişafı bu yaxınlarda xalqımız tərəfindən ad günü qeyd ediləcək Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz onun şahmatın inkişafına göstərdiyi qayğı və diqqət nəticəsində Azərbaycanda güclü şahmatçı nəsli və bütün dünyada tanınan şahmat məktəbi meydana gəldi. Vyanada təşkil olunan bu tədbir də həmin missiyanın bir davamı kimi dəyərləndirilməlidir.

Həmçinin diqqətə çatdırılıb ki, Ülviyyə Fətəliyeva Bakı şahmat məktəbinin deyil, Gəncə şahmat məktəbinin yetirməsidir və bu fakt da Azərbaycanda şahmatın ölkənin müxtəlif regionlarında inkişafından xəbər verir.

Vyana Şahmat Federasiyasının vitse-prezidenti Hanna Vehbe və qadınlar arasında şahmat üzrə Avstriya çempionu, Avstriya Şahmat Federasiyasında qadın komitəsinin rəhbəri Annika Frövis yaradılmış şərait üçün təşəkkür ediblər və yüksəkreytinqli azərbaycanlı şahmatçılarla görüş və seansların yerli şahmatçılar üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Qeyd edək ki, sinxron turnirin məqsədi dünya şahmatında xüsusi çəkiyə malik Azərbaycan şahmat məktəbinin yetirmələrini geniş ictimaiyyətə tanıtmaq, ölkəmizdə qadın şahmatının inkişafını nümayiş etdirmək, gənclər arasında şahmatın tanınmasına töhfə vermək, Avstriya və Azərbaycan şahmatçıları arasında əlaqələri dərinləşdirməkdir.

2026-cı ildə qadınlar arasında şahmat üzrə ölkə çempionu titulunu qazanan beynəlxalq usta Ülviyyə Fətəliyeva 1996-cı ildə Gəncə şəhərində anadan olub. Qeyd etmək lazımdır ki, o, 2024-cü ildə Yunanıstanın Rodos şəhərində keçirilən qadınlar arasında şəxsi Avropa çempionatının qalibidir. Bu ilin mart ayında 8 ölkədən 10 şahmatçının qatıldığı turnirdə 9 turda 6,5 xal toplayaraq "IV Women's Chess Championship"in qalibi olub. Ü. Fətəliyeva FIDE-nin aktual reytinq sıralamasında 2450 xal ilə dünya üzrə 33-cü sırada qərarlaşıb.

Chosen
30
ikisahil.az

1Sources