EN

Başlıbel qətliamı anıldı, “Zirvədə savaş” kitabının təqdimatı keçirildi – FOTO

Ermənistan silahlı birləşmələrinin Kəlbəcər rayonunun Başlıbel kəndində dinc əhaliyə qarşı törətdiyi qətliamın 33-cü ildönümü ilə bağlı “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığıyla “Başlıbel qətliamı-33 il” adlı anım tədbiri, eyni zamanda İctimai Birliyin NTK sədri, əslən Başlıbeldən olan yazar Səbuhi Ağanın Kəlbəcər rayonu ərazisində ermənilərin törətdiyi qətliamlar, məcburi köçkünlük həyatı, Başlıbel kəndi, şəhidlər və Kəlbəcərin azad olunmasına həsr edilən “Zirvədə savaş” kitabının təqdimatı  keçirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən tədbirdə şəhid ailələri, Başlıbel qətliamının şahidləri, rayon ağsaqqalları, ziyalılar, qazilər, rəsmi şəxslər, ictimai-siyasi xadimlər, jurnalistlər iştirak ediblər. Tədbir Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlanıb.
 
Başlıbelin İnlkişafına Dəstək İctmai Birliyinin sədri Vüqar Həşimov anım tədbiri və kitabı təqdimatı barədə açılış nitqini söyləyib. Sonra Birliyin İdarə Heyətinin üzvü, Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri Xalid Kazımov Başlıbel qətliamı barədə məruzə edib. 
 
Məlumat verilib ki, Ermənistan Respublikasının azərbaycanlılara qarşı törətdiyi qətliamlardan biri 1993-cü ilin aprelində Azərbaycanın Kəlbəcər rayonunun Başlıbel kəndində həyata keçirilib. Belə ki, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər Başlıbel sakini (əlavə olaraq Başlıbelə pənah gətirən 4 nəfər Laçın rayon sakini və mühasirəyə düşən 9 nəfər əsgər) kənd ərazisindəki kahalara sığınıblar. Amma Ermənistan Silahlı Qüvvələrinə girov düşməmək üçün dağlara sığınan qoca, qadın, uşaqlar cəmi 16 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni hərbçiləri qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıblar. Başlıbelin işğalı zamanı erməni silahlıları tərəfindən 27 nəfər güllələnib. Ermənistan hərbçilərinin Başlıbel kəndinə daxil olduqları 05 aprel 1993-cü ildən 17 aprel 1993-cü il tarixinədək Başlıbel kəndi ərzisində 6 nəfər qətlə yetirilib. Bunlardan 3 nəfəri 68, 98 və 102 yaşlı qadın, 3 nəfəri isə 53, 72 və 76 yaşlı kişi olub. Həmin müddətdə Başlıbel kəndini tərk edib xilas olmaq istəyən 27, 54, 58, 93 yaşlı 4 qadın, 38, 64, 65, 79 və 103 yaşlı 5 nəfər kişi Kəlbəcər rayonu ərazisində güllələnib. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Ermənilər Başlıbel kəndini işğal edən gün II Dünya Müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini Qənaət Ağamirovu işgəncə ilə qətlə yetiriblər. 5 nəfər Başlıbel sakini isə Kəlbəcər rayonunun müxtəlif ərazilərində girov götürülüb.
 
18 aprel 1993-cü ildə erməni hərbçilər 62 nəfərin gizləndiyi kahaların yerini müəyyən edib və ərazini mühasirəyə alaraq dinc insanlara qarşı dəhşətli qətliam törədiblər. Aralarında 2 nəfər azyaşlı uşaq, 4 nəfər qadın, 6 nəfər kişi (4 nəfəri ahıl yaşda) düşməndən gizləndikləri kahalarda güllələnib qətlə yetirilib. Sıralarında azyaşlı uşaqlar olmaqla 10 nəfərdən yuxarı dinc sakin yaralanıb. Eləcə də həmin gün 9 nəfər qadın, 2 nəfər azyaşlı uşaq, 3 nəfər ahıl girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkiliblər. Həmin şəxslərin mühasirə həyatı 113 gün çəkib. 18 apreldə kahalarda qətlə yetirilən 12 nəfərin meyitlərini 24 gün dəfn etmək mümkün olmayıb. Canını qurtarıb Nəbi kahası adlanan kahalarda gizlənən 30 nəfərdən bir neçəsi qətliamdan 24 gün sonra-mayın 12-də gecə gizlində əraziyə gələrək şəhid olmuş insanların cəsədlərini dəfn ediblər.
 
Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də mühasirədən çıxa və həyatlarını xilas edə biliblər. Amma 1 nəfər-I və II Dünya Müharibəsi iştirakçısı Ələsgər Kazımov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Kazımov bugünədək itkin sayılır və onun barəsində hər hansı bir məlumat yoxdur.
 
Sonra “Zirvədə savaş” kitabının müəllifi Səbuhi Ağa kitabın təqdimatını edib. Səbuhi Ağa kitabı Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə həsr etdiyini bildirib. Kitabın 7 fəsildən ibarət olduğunu qeyd edən müəllif hər bir fəsil haqda slayt vasitəsilə əyani məlumatlandırma edib. S.Ağa deyib ki, kitabda yer hadisələr müəllifin və digər məcburi köçkünlərin yaşadıqları gerçəkliklərin qələmə alınmış ifadəsidir. Burada təqdim olunan məlumatlar və xatirələr zaman keçsə də unudulmayan həqiqətləri əks etdirir.
 
S.Ağa bildirib ki, müzəffər Ali Başa Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrında başlanan ikinci Qarabağ müharibəsi, 25 noyabrda Kəlbəcər rayonunun və Başlıbel kəndinin işğaldan azad edilməsi, azad Kəlbəcərdə quruculuq işlərinin başlanması, Başlıbel kəndinə əhalinin qayıdışı mövzularına da kitabda yer ayrılıb. 
 
Sonra tədbir iştirakçılarının çıxışları olub. Prezident Administrasiyasının əməkdaşı Sənay Paşayev, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mirzə Quliyev, Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, Subyekt.az xəbər portalının təsisçisi Rövşən Hüseynov, Qarabağ qazisi, şair Eyvaz Əyyub, Qarabağ qazisi Səlim Mehdiyev, şəhid qardaşı Cavid Hacıyev, dossent Bəhruz Səmədov, əməkdar müəllim Hüseyn Şahbəndəyev, AQTA-nın şöbə müdiri Qalib Əbdüləliyev, başlıbelli müəllimlər Əkbər Sarıyev, Zərnişan Mirzəyeva, Xavər Sarıyeva, beynəlxalq dərəcəli müəllim Rövlanə Heydərova, elmlər doktoru Aqil Əsədov, qətliam şahidlərindən Səlim Mehdiyev, Elşad Əzizov, Habil Ələsgərov, BDU-nun alimi Dəyanət Ağayev,, Habil Ələsgərov, Başlıbelli ziyalılardan Nuşirəvan Muxtarlı, Fazil Əzizov və Əli Mirzə İbrahim çıxış ediblər.  
 
Çıxışlarda Kəlbəcər rayonunun, o cümlədən Başlıbel kəndinin işğalı, Başlıbel qətliamının necə baş verməsi, Başlıbel azad ediləndən sonra keçən müddətdə qətliamın tanıdılması istiqamətində aparılan işlər, bundan sonrakı mərhələdə həyata keçirilməli fəaliyyətlər haqda ətraflı söz açılıb.
 
Eləcə də Kəlbəcərin quruculuğu istiqamətində həyata keçirilən işlər, kəlbəcərlilərin doğma yurda köçünün başlanması, həmçinin Başlıbel camaatının doğma yurda köçəcəyi günü gözlədikləri, Prezident İlham Əliyevin Başlıbel qətliamını diqqətdə saxlaması, Kəlbəcərin yenidən qurulmasına Prezidentin xüsusi diqqət göstərdiyi barədə ətraflı fikirlər ifadə olunub. 
 
Çıxış edənlər “Zirvədə savaş” kitabının facilələrimizin, Ermənistanının işğalçılığının xalqımızın başına gətirilən fəlakətlərin tarixi yaddaşımıza həkk olunmasına xidmət edəcək əsər olduğunu xüsusi vurğulayıblar. Həmçinin bildiriblər ki, kitab müharibənin gətirdiyi faciələri və nəhayət qazandığımız böyük zəfərin mükəmməl formada bir kitabda cəmləşdirilən xronologiyasıdır. 
 
Qeyd edək ki, kitabın redaktoru dossent, BDU-nun dekanı Ələmdar Cabbarlıdır.
 
Moderator.az
Chosen
34
moderator.az

1Sources