EN

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb

Bakı, 15 aprel, AZƏRTAC

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində 4-cü oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan kollektiv Andorra yığması ilə qarşılaşıb.

Bakıdakı “Bank Respublika Arena”da təşkil olunan görüş Siyasət Əsgərovun başçılıq etdiyi komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 12-ci dəqiqədə Yeliz Açar və 64-cü dəqiqədə Esra Manya vurublar.

Qrupun digər oyununda Macarıstan yığması öz meydanında Şimali Makedoniya seçməsi üzərində 7:0 hesablı qələbə qazanıb.

Bu nəticələrdən sonra Macarıstan 10 xalla 1-ci, Azərbaycan 9 xalla 2-ci, Şimali Makedoniya 3 xalla 3-cü, Andorra isə 1 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu iyunun 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Macarıstan yığmasına qarşı keçirəcək.

 

Chosen
26
10
azertag.az

10Sources