EN

Livanda BMT sülhməramlılarına hücum nəticəsində fransız hərbçi həlak olub

BAKI,TurkicWorld, Nailə Babazadə

Livanın cənubunda BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) tərkibində xidmət edən 1 fransız sülhməramlısı həlak olub, daha 3 əsgər isə yaralanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron özünün "X" sosial media hesabı vasitəsilə məlumat verib. Makron bildirib ki, Montobandakı 17-ci Paraşütçü Mühəndis Alayının baş çavuşu Florian Montorio bu səhər baş verən hücum zamanı həyatını itirib.

Fransa Prezidenti hücumla bağlı sərt mövqe nümayiş etdirərək deyib: "Hər şey bu hücumun məsuliyyətinin Hizbullaha aid olduğunu göstərir. Fransa Livan rəhbərliyindən günahkarların dərhal saxlanılmasını və UNIFIL qarşısındakı öhdəliklərin yerinə yetirilməsini tələb edir". Makron həmçinin yaralı əsgərlərin təxliyə edildiyini və fransız millətinin sülh naminə xidmət edən əsgərlərin xatirəsini ehtiramla yad etdiyini vurğulayıb.

Fransanın Müdafiə naziri Katrin Votrin də hadisə ilə bağlı təfərrüatları paylaşıb. Nazir qeyd edib ki, Florian Montorio 18 il ərzində terrorla mübarizə və sülhün qorunması missiyalarında xidmət edib. O, bu səhər döyüşlər səbəbindən təcrid olunmuş UNIFIL məntəqəsinə gedən yolu açmaq tapşırığını yerinə yetirərkən yaxın məsafədən silahlı qrupun pusqusuna düşüb. Montorio birbaşa atəş nəticəsində vurulub və tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Livanın Baş naziri Nəvaf Səlam da sosial media hesabından bəyanat yayaraq, fransız sülhməramlılarına qarşı törədilən hücumu pisləyib və hadisə ilə bağlı dərhal təhqiqat başladılması barədə göstəriş verdiyini bildirib.

Chosen
12
turkic.world

1Sources