EN

Keşikçidağ mağaraları kompleksinə turlar təşkil edilib - FOTO

Yazını böyüt
Yazını kiçilt

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycanın müxtəlif bölgələrində olduğu kimi, Ağstafa rayonunda yerləşən "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunda da “açıq qapı” günü münasibətilə silsilə elmi-maarifləndirici tədbirlər və turlar təşkil olunub.

Hafta.az bildirir ki, qoruq tərəfindən təşkil edilən elmi turlar çərçivəsində yerli və xarici qonaqlar, tədqiqatçılar və tarix həvəskarları Keşikçidağ kompleksinin zəngin maddi-mədəni irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Tur iştirakçıları xüsusilə Keşikçidağ Kurqanlar Vadisində yerləşən kurqanlarda aparılmış tədqiqatların nəticələri, bu abidələrin regionun qədim tarixi və dəfn adətləri baxımından əhəmiyyəti barədə ətraflı məlumatlandırılıblar.

Bununla yanaşı, ziyarətçilər “İlham Əliyev adına zirvə” istiqamətində yerləşən mağaralar kompleksinə ekskursiya edib, burada mövcud olan qədim yaşayış izləri, divar və tavanlarda qorunub saxlanılmış freskalar, su quyuları və ərzaq anbarları ilə tanış olublar. Qeyd olunub ki, bu tip maddi-mədəniyyət nümunələri Keşikçidağ ərazisinin uzunmüddətli yaşayış və dini-mədəni fəaliyyət mərkəzi olduğunu sübut edir.

Tədbirlər çərçivəsində qoruğun rəhbərliyi və əməkdaşları Ağstafa rayonunda yerləşən Ağalıqtəpə yaşayış məskəni ərazisinə də elmi ekskursiya həyata keçiriblər. Ekskursiya AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru, dosent Şamil Nəcəfov və Almaniyanın Würzburg Julius Maximilians Universitetinin Qədim Yaxın Şərq Tədqiqatları kafedrasının müdiri, professor-doktor Martin Gruberin rəhbərliyi ilə aparılıb.

Ekskursiya zamanı bildirilib ki, Ağalıqtəpə yaşayış məskəni son tunc – erkən dəmir dövrünə aid olmaqla regionun qədim məskunlaşma tarixinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyətə malikdir. Qoruq əməkdaşları tərəfindən abidənin arxeoloji xüsusiyyətləri, aparılmış qazıntı işləri və əldə olunmuş maddi-mədəniyyət nümunələri barədə geniş məlumat təqdim olunub.

Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsi ölkəmizin zəngin tarixi-mədəni irsinin təbliği, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və arxeoloji tədqiqatların təşviqi istiqamətində mühüm platforma rolunu oynayır.

Chosen
2
2
hafta.az

3Sources