EN

Çin oyun qaydalarını müəyyənləşdirmək istəyir - Pekinin planı nədir?

“Tehran Vaşinqtonun Hörmüz boğazının mühasirəsindən imtina etməyəcəyi halda İranın boğaza nəzarəti davam etdirəcəyini açıqlayıb. Beynəlxalq birlik “Hörmüz boğazı”yla bağlı razılaşmanın yerinə yetirilməsini istəyir. ABŞ-nin boğazın mühasirəsini davam etdirməsi Vaşinqtonun Pekinlə də münasibətlərini gərginləşdirə bilər. Çünki Vaşinqton elan etmişdi ki, İran limanlarından çıxan tankerlərin hərəkətinə imkan verilməyəcək. İrandan Hörmüz boğazı üzərindən neft alan əsas ölkə isə Çindir”.

“Yeni Sabah” xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politooq Elxan Şahinoğlu deyib.

Onun fikrincə, ABŞ hərbi gəmilərinin Çinə aid tankerləri yoxlamağa başlaması Pekinin qəzəbinə səbəb olacaqdı. Bu vəziyyət ABŞ Prezidenti Donald Trampın mayın ortalarında Çinə planlaşdırılan səfərini yenidən təxirə salınmasına gətirib çıxara bilərdi:

“Halbuki, bu səfər çoxdan razılaşdırılıb və Çin lideri Si Cinpin bu səfər vasitəsilə ABŞ Prezidenti Donald Trampla iki ölkə arasında iqtisadi oyun qaydalarını müəyyənləşdirmək istəyir”.

Siyasi icmalçı vurğulayıb ki, ABŞ-nin Hörmüz boğazını uzun müddət mühasirədə saxlaması Çini Tayvan məsələsini eyni yolla həllinə həvəsləndirə bilərdi. Çinin eyni ilə ABŞ kimi Tayvan adasına yaxınlaşan ticarət gəmilərini yoxlamasının gündəmə gəlməsi mümkün idi:

“Pekinin arqumenti bu ola bilər ki, Çinə aid olan Tayvana üçüncü ölkələrin hərbi texnikasının daşınmasının qarşısını almaq istəyir.

Pekinin Rusiya-Ukrayna müharibəsindən və Yaxın Şərqdə gərgin vəziyyətdən istifadə edərək Tayvanı hərbi yolla Çinə birləşdirmək planı haqqında fikirlər söylənilirdi. Ancaq Pekin adanı hərbi yolla ələ keçirmənin risklərini hesablamaq məcburiyyətindədir. Adanın hərbi yolla nəzarətə götürülməsi ABŞ-ın Çinə qarşı daha sərt sanksiyaların qəbuluna həvəsləndirəcək. Bundan başqa ada ətrafında iki böyük dövlətin toqquşması ehitmalı da arta bilər. Digər tərəfdən yarımkeçiricilərin istehsalına görə dünya lideri olan Tayvanın nəzarətə götürülməsi Çinin yüksək texnologiyalar sahəsindəki rəqiblərini əzməsi anlamına gələcək ki, ABŞ buna yol verə bilməz. Yəni Tayvanın hərbi yolla ələ keçirilməsi dünyada ticarət müharibələrini alovlandıracaq. Bu isə Çinin özünə də lazım deyil. Bu səbəbdən Pekin Tayvanı hərbi yolla nəzarətə götürmək planını qeyri-müəyyən müddətə təxirə salıb. Pekin Tayvanla bağlı strategiyasında dəyişiklik edib. Pekin “yumşaq güc” amilinə üstünlük verib. Tayvanın müxalifət liderinin Pekinə dəvət edilməsi və Si Cinpinlə görüşməsi bu siyasətin tərkib hissəsidir”.


Telegram kanalımız
Chosen
18
2
yenisabah.az

3Sources