Ötən gündən Türkiyədə beşinci Antalya Diplomatiya Forumu (ADF 2026) işə başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsində, Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə reallaşan tədbir bu il “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” mövzusunda təşkil edilib. Builki foruma 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39-u xarici işlər naziri olmaqla 50-dən artıq nazir, eləcə də 75-i beynəlxalq təşkilatların nümayəndəsi olmaqla ümumilikdə 500-dən çox yüksəksəviyyəli şəxs qatılıb. Azərbaycan tədbirdə yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfər edib. Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.
Milli Məclisin deputatı Müşfiq Cəfərov məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, Türkiyədə keçirilən dünyanın ən genişmiqyaslı diplomatiya platformalarından biri olan Antalya Diplomatiya Forumu beynəlxalq münasibətlər, regional təhlükəsizlik və qlobal əməkdaşlıq məsələlərinin müzakirə olunduğu mühüm platformalardan biri hesab olunur:
“İlham Əliyevin Antalya Diplomatik Forumunda iştirakı Azərbaycanın dünya siyasətində söz sahibi olan dövlətlərdən biri olduğunun nümayişidir. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, praqmatik və ardıcıl siyasət nəticəsində Azərbaycan son illərdə regionda və dünyada mühüm siyasi, iqtisadi və humanitar dövlətlərdən birinə çevrilib. Dövlət başçımızın uzaqgörən siyasəti Azərbaycanı beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirib, onu etibarlı tərəfdaş və qlobal proseslərə təsir göstərən dövlət kimi tanıdıb. Bu gün Azərbaycan dünya birliyində sabitlik, inkişaf və əməkdaşlıq simvolu kimi çıxış edir”. 
O qeyd edib ki, məhz bu amillərə görə də ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin və beynəlxalq təşkilatların sayı durmadan artır:
“Azərbaycanın beynəlxalq nüfuzunun davamlı artmasının növbəti təsdiqi kimi, Prezident İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək V Antalya Diplomatiya Forumunda iştirak etmək üçün dəvət almasıdır. Forum müxtəlif ölkələrdən nüfuzlu siyasətçiləri, dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini bir araya gətirərək, son illər ərzində region üçün əhəmiyyət kəsb edən ən önəmli məsələlərin və çağırışların müzakirəsi baxımından çox vacib beynəlxalq platformaya çevrilib. Prezident İlham Əliyevin bu forumda iştirakı bir daha göstərir ki, Azərbaycan yalnız regionda deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi qəbul edilir. Dövlətimizin başçısının beynəlxalq münasibətlər sahəsində zəngin təcrübəsi, strateji baxışları və praqmatik yanaşmaları onu beynəlxalq platformalarda böyük maraqla qarşılanan Liderə çevirib”.
Politoloq Zeynal Əmrəliyevin sözlərinə görə, V Antalya Diplomatiya Forumu mühüm əhəmiyyət kəsb edən beynəlxalq platformadır:
“Hazırda dünyada qlobal böhran yaşanır və beynəlxalq münasibətlər sistemində ciddi təzadlar mövcuddur, bu forumun məhz indiki dövrdə keçirilməsi olduqca yerinə düşür. İran-ABŞ-İsrail qarşıdurması, Rusiya-Ukrayna münaqişəsi, eləcə də Yaxın Şərqdə baş verən hadisələr bu gərginliyi daha da dərinləşdirən əsas amillərdir. Bu baxımdan Antalya Diplomatiya Forumunun keçirilməsi aktual və vacib təşəbbüs kimi qiymətləndirilə bilər. Azərbaycan Prezidenti İlham Əliyevin forumda mötəbər qonaq qismində iştirakı isə xüsusi əhəmiyyət daşıyır”.
O deyib ki, Azərbaycan regionun aparıcı və strateji əhəmiyyətə malik ölkələrindən biridir:
“Ölkə müharibə apararaq qələbə qazanmış və sonrakı mərhələdə sülh quruculuğu istiqamətində mühüm addımlar atmış nadir nümunələrdəndir. Bu isə Azərbaycanın zəngin təcrübəyə malik olduğunu göstərir. Prezidentin tədbirdə iştirakı müəlliflik və liderlik baxımından da diqqətəlayiqdir. Forumda iştirak edən və sülhün bərqərar olunmasına çalışan tərəflər üçün Azərbaycan təcrübəsi mühüm örnək rolunu oynaya bilər. Bu mənada dövlət başçısının iştirakı bir növ “ustad dərsi” kimi qiymətləndirilə bilər. Səfərin regional və beynəlxalq siyasət baxımından əsas mesajlarına gəldikdə isə, ilk növbədə Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin möhkəmliyi bir daha vurğulanıb. Bu birgə əməkdaşlığın regionda sülh və sabitliyin təmin olunmasında əsas faktor olduğu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb”.
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” istiqamətində hazırlanıb.
Demokrat.az