EN

Gizli, yoxsa razılaşdırılmış nəzarət?

“WhatsApp” uşaqlar üçün valideyn nəzarətli hesablar funksiyasını istifadəyə verib. Bu yenilik valideynlərə kiçik yaşlı uşaqların mesajlarını və sosial media davranışını izləmək imkanı yaradır. Valideyn uşağın kimlərlə ünsiyyət qurduğunu, hansı qruplara qoşulduğunu izləyir.

Hətta məxfilik parametrlərini görə, naməlum nömrələrdən gələn mesaj sorğularını bloklaya bilər. Uşaq isə bu parametrləri dəyişə bilməz, bunun üçün PIN-kod tələb olunur. Bu funksiya təhlükəsizlik baxımından faydalıdır, lakin valideyn nəzarətinin uşaqların etimadına və psixoloji rahatlığına təsiri ilə bağlı fikir ayrılığı mövcuddur. Bəziləri hesab edir ki, valideynlər uşaqlarının yazışmalarını mütləq izləməlidir. Digərləri isə ehtiyatlı yanaşmanın vacibliyini vurğulayır və qeyd edirlər ki, həddindən artıq müdaxilə uşaqlarda qıcıq, etimad problemi yarada bilər.

Nəzarət gizli və totaldırsa...

“Indigo Support” Reabilitasiya və İntegrasiya Mərkəzinin meneceri və psixoloq Aysel Qafarova “Kaspi” qəzetinə açıqlamasında bildirir ki, 18 yaşa qədər uşağın sosial həyatına düzgün və balanslı şəkildə nəzarət onun şəxsi həyatına müdaxilə sayılmır. Əksinə, bu yanaşma uşağın sosial və ailə həyatının balansını qorumağa kömək edir: “Uşaq hələ formalaşma mərhələsindədir və rəqəmsal dünya real həyatdan daha sərt və nəzarətsizdir. Amma burada çox incə bir xətt var. Nəzarət gizli və totaldırsa, bəli, bu, artıq uşağın şəxsi sərhədlərinin pozulmasıdır. Əgər açıq, razılaşdırılmış və izah olunmuş şəkildədirsə, bu, hüquq pozuntusu yox, qoruyucu çərçivədir”.

“Nəzarət edərkən balansı qorumaq önəmlidir”

Chosen
3
10
publika.az

10Sources