EN

Pensiya haqda narahatedici proqnoz verildi dövlət hərəkət keçir?

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanda pensiya fondu ilə bağlı xoşagəlməz proqnoz verilib. Belə ki, Liberal İqtisadçılar Mərkəzinin sədri, ekspert Akif Nəsirli Globalinfo.az-a açıqlamasında indiki böyük nəsilin yaşlandıqca pensiya yaşına çatacağını və nəticədə pensiyaçıların sayının artacağını bildirib.

Sitat: “Son 20 ilin doğum göstəricilərinə baxanda Azərbaycanda demoqrafik strukturda aydın dönüş nöqtəsi görünür. 2012-ci ildən sonra ardıcıl və davamlı eniş başlayıb və bu eniş xüsusilə 2017-dən sonra daha kəskin xarakter alıb. 2024-2025 səviyyəsi artıq 100 minin altına yaxınlaşır və bu, əvvəlki pik dövrlə müqayisədə təxminən yarıbayarı azalma deməkdir. Lakin doğumların uzunmüddətli azalması bu balansı struktur şəkildə dəyişdirir. Əgər hazırkı trend davam edərsə, 15-25 il sonra əmək bazarına daxil olan gənclərin sayı bugünkündən xeyli az olacaq. Bu isə avtomatik olaraq “bir pensiyaçıya düşən işləyən sayı” göstəricisini azaldır. Belə bir vəziyyət pensiya sisteminin özünü maliyyələşdirmə mexanizminə təzyiq yaradır”.

Bu bədbin proqnozun gerçəkləşməməsi üçün hansı addımlar atılsa effektiv olar? Hökumət bununla bağlı hərəkətə keçəcəkmi?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) yaradılarkən səsləndirilən gözləntilər özünü doğrultmayıb və bu, böyük problemdir:

Natiq Cəfərli

“Təxminən 15 il əvvəl belə bir yanaşma var idi ki, fond zamanla hətta özünü maliyyələşdirəcək. Yəni yığılan vəsait həm cari ödənişləri qarşılayacaq, həm də ehtiyatların formalaşmasına imkan verəcək. Lakin hazırda vəziyyət fərqlidir. Toplanan vəsait bəzi hallarda aylıq ödənişləri belə tam qarşılamaqda çətinlik çəkir. Bu isə əsasən demoqrafik amillərlə bağlıdır. Azərbaycanda təqaüdçülərin sayı təxminən 1 milyon 200 min nəfər səviyyəsində sabit qalır. Eyni zamanda, əmək bazarına daxil olub fonda ödəniş etməli olan gənc nəslin sayı azalır. Doğum səviyyəsinin aşağı düşməsi və gənclərin ölkədən köçü bu tendensiyanı daha da gücləndirir. Bütün bunlar təqaüd sistemində struktur problemlərin yarandığını göstərir. Əgər vaxtında zəruri tədbirlər görülməzsə, yaxın 10-15 il ərzində sistemin tam çökəcəyini demək düzgün olmasa da, ciddi çətinliklərin yaranması qaçılmazdır”.

İqtisadçı Elçin Rəşidov bildirib ki, pensiya sistemi nəzəri olaraq fərdi yığım prinsipi ilə qurula bilər:

“Yəni hər kəs işlədiyi dövrdə öz pensiyasını toplayar və yaşlandıqda həmin vəsaitdən istifadə edər. Lakin Azərbaycanda tətbiq olunan model bu deyil, həmrəylik sistemidir. Bu modeldə hazırda işləyənlərin ödədiyi sosial ayırmalar hesabına pensiyaçılara ödəniş edilir. Fərdi yığım sistemləri adətən daha dayanıqlı hesab olunur, çünki hər kəs öz vəsaitini formalaşdırır və başqalarından asılılıq minimuma enir. Həmrəylik modeli isə xarici və daxili amillərə daha həssasdır, xüsusilə iki halda – düzgün planlaşdırılmadıqda və effektiv idarə olunmadıqda ciddi risklərlə üzləşir”.

Elçin Rəşidov

İqtisadçı qeyd edib ki, Azərbaycanda bu sahədə müəyyən problemlər müşahidə olunur:

“Oxşar yanaşma digər fondlarda, o cümlədən neft gəlirlərinin idarə olunmasında da özünü göstərir. Müqayisə üçün deyim ki, Norveçdə pensiya və neft gəlirlərinin idarə olunması vahid uzunmüddətli strategiya əsasında qurulub. Burada əsas məqsəd mövcud gəlirlərin gələcək nəsillərə ötürülməsidir. Eyni zamanda, pensiya sistemi ilə bağlı müstəqil iqtisadçıların populist yanaşmaları da risk yaradır. Məsələn, vətəndaşların yığdıqları vəsaitin bir hissəsini əvvəlcədən götürməsi və ya pensiya kapitalının miras kimi təqdim olunması ilə bağlı təkliflər səsləndirilir. Halbuki həmrəylik modelində fərdi yığım mövcud deyil, vətəndaş faktiki olaraq özünə yox, mövcud pensiyaçıların təminatına töhfə verir. Bu səbəbdən pensiyanın miras kimi təqdim olunması iqtisadi baxımdan əsaslı deyil və sistem daxilində balansı poza bilər.

Bundan əlavə, kölgə iqtisadiyyatı və sosial ödənişlərin tam yığılmaması da problemi dərinləşdirir. Vergi və sosial sığorta ödənişlərinin tam, effektiv şəkildə təmin olunmaması fondun gəlirlərinə mənfi təsir göstərir. Digər tərəfdən, neft gəlirlərinin azalması fonunda dövlət büdcəsinin pensiya sisteminə dəstəyi də əlavə yük yaradır. Mövcud modelin davamlılığı üçün daha effektiv idarəetmə, şəffaflıq və uzunmüddətli islahatların həyata keçirilməsi zəruridir. Əks halda, gələcəkdə sistemin maliyyə dayanıqlığı ilə bağlı ciddi çətinliklərin yaranması ehtimalı artır”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
24
globalinfo.az

1Sources