EN

Arzuları puç edən kabus So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Aqil Abbas, millət vəkili:

Azərbaycanın görkəmli tənqidçisi, ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin 78 yaşı tamam olur. Yəni Vaqif müəllimin titullarını bir kənara qoysaq, imzasının altına elə bunu yazsaq bəsdi - Gözəl insan. Bu 78 ilin 59 ilini bu gözəl insanla yol yoldaşıyıq, əqidə dostuyuq, fikir dostuyuq. Mən birinci kursda oxuyanda o, üçüncü kursda oxuyurdu. Təsadüf bizi yaxınlaşdırdı və düz 56 ildi bu yaxınlıq davam edir.

Vaqif müəllimi başqa tənqidçilərdən, ədəbiyyatşünaslardan əsas fərqləndirən cəhət odur ki, əvvəla çox məhsuldar işləyir, xüsusilə gəncləri həmişə diqqət mərkəzində saxlayır, onların həm nəsr əsərlərini, həm də poeziyasını dərindən təhlil edib oxuculara çatdırmağa çalışır.

Bu təbrik heç də borc sayılmasın. Çünki Vaqif Yusifli mənim indiyədək yazdığım romanların, povestlərin, hekayələrin ilk oxucusu və ilk tənqidçisi olub. Tənqid deyəndə elə başa düşməyin ki, əsərləri yıxıb-sürüyüb, sadəcə olaraq, təhlil edib və təbii ki, çatışmayan cəhətləri də göstərib ki, yeni əsərlərdə diqqətli olum.

Vaqif Yusifli ilə, bir dəfə də Rəşad Məcidlə birlikdə Ağdama səfər etmişik, daha doğrusu, Quzanlıya. Mədəniyyət Evində Məmməd Arazın yaradıcılığı ilə bağlı tədbir keçirilirdi. Bu səfər ona çox ləzzət elədi, həmişə də deyir ki, bir də nə vaxt gedəcəyik?

Vaqif Yusiflinin Ağdamı sevməyi əslində bir başqa sevgidi, bu sirri açmıram...

Vaqif müəllim, ömrün uzun, qələmin iti və həmişə gənclərin dayağı olasan. 30 ildən çox olduğu kimi, "Ədalət" qəzeti həmişə sənin qulluğundadır.

Türklərin belə bir deyimi var: "Bir acı qəhvənin  40 il xatirəsi var". Bizim bir stəkan çayımızın da 59 illik xatirəsi var.

Nailə İslamzadə, Əməkdar artist:

- 44 il efirdə olmaq mənim üçün sadəcə peşə deyil, bu, sözə məsuliyyət, tamaşaçıya hörmət və illərlə qazanılmış etibar deməkdir. Mən bu yolu addım-addım, davranışımla, çıxışlarımla, prinsiplərimlə qurmuşam. Heç vaxt ucuz sensasiya arxasınca qaçmamışam, heç vaxt reytinq naminə öz sözümü ucuzlaşdırmamışam.

Amma təəssüf ki, eyni yanaşmanı hər zaman qarşı tərəfdə görmək olmur. Yenə tələsik alınan bir müsahibə, yenə razılaşdırılmadan seçilən başlıq, yenə mənə aid olmayan ifadələr... "Şişmə dodaqla aparıcılıq olmur", "Nailə İslamzadədən tikanlı sözlər" - bu ifadəni jurnalist özü işlədib, mən isə özümə yaraşan formada cavab vermişəm. Amma oxucuya elə təqdim olunur ki, guya bu fikrin müəllifi mənəm. Qısa müsahibədə bir neçə yerdə fikirlərim doğru çatdırılmayıb. Səs yazım qarşınızdadı, onu diqqətlə dinləmək çoxmu çətindir? 

Bəzən bir insanın dediyi tək bir söz onun kimliyini, dünyagörüşünü, səviyyəsini açıq şəkildə ifadə edir. Elə buna görə də başqasının sözünü dəyişmək, ona aid olmayan fikri onun adına yazmaq yolverilməzdir. Bu, sadəcə mətni yox, insanın özünü təhrif etməkdir.

Bu, sadəcə yanlış deyil, bu, məsuliyyətsizlikdir.

Mən çoxdan müsahibələrdən qaçmağa başlamışam. Çünki bilirəm: əgər suallara cavab verib, müsahibəni özüm yazmasam, böyük ehtimalla, yenə sözlərim təhrif olunacaq, yenə mənə yaraşmayan başlıqlar seçiləcək və nəticədə mən əsəbiləşəcəyəm. Bu, normal deyil. Jurnalistin işi müsahibini təhrif etmək yox, onu olduğu kimi təqdim etməkdir.

Paradoks ondadır ki, ucuz reytinq dalınca qaçan verilişlər tənqid olunur, amma eyni yanaşma çox vaxt yazılı mediada da tətbiq edilir. Sual verirəm: bu, nə dərəcədə doğrudur? Oxucunun diqqətini çəkmək üçün hər vasitə məqbuldurmu? Bəs peşə etikası, bəs sözün çəkisi?

Mən yaxşı bilirəm ki, bu sözlərim hər kəsə aid deyil. Həqiqətən sanballı, savadlı, sözə hörmət edən jurnalistlərimiz var və onlar özlərini tanıyırlar. Mənim iradım məhz məsuliyyətsiz yanaşmaya, ucuz effekt xatirinə həqiqətin dəyişdirilməsinədir.

Bu səbəbdən açıq şəkildə bildirmək istəyirəm: əgər mənim sözümə, fikrimə, adımı daşıyan müsahibəyə hörmət olunmayacaqsa, bundan sonra mənimlə müsahibə almaq üçün müraciət edilməsin. Çünki söz mənim üçün sadəcə cümlə deyil, bu, mənim illərlə qoruduğum dəyərdir.

Dünya Sakit, jurnalist:

- Buzovnada indiyədək Bakıda görmədiyim böyüklükdə dolu düşdü.

Həyətimizdə gilənarlar çiçəkləmişdi, məhv elədi hamısını.

Baxdıqca adamın yazığı gəlir ağaclara, çiçək qovuqcuqları yerlə birdir.

Yadigar Sadıqlı, tarixçi:

- Orbanın yürütdüyü rusiyayönlü siyasət bizdə sual doğururdu ki, macarlar sovet əsarətini, 1956-cı il üsyanının qan içində boğulmasını niyə unudublar?

Amma macarların təkcə ruslarla deyil, Qərblə bağlı da travmaları var və bu travma Birinci Dünya müharibəsindən sonra yaşanıb.

1867-ci ildə Avstriya-Macarıstan dualist monarxiyası yarandı. Macarıstan imperiyanın tərkibinə daxil idi, eyni zamanda özü də bir krallıq idi: öz ərazisi, qanunları, idarə orqanlar və s. ilə. Avstriya-Macarıstan imperatoru eyni zamanda Macarıstan kralı idi.

Bu üzdən Birinci Dünya müharibəsi Mərkəz dövlətlərinin məğlubiyyəti ilə yekunlaşanda, qalib dövlətlər təkcə Almaniya, Avstriya, Bolqarıstan və Osmanlı ilə deyil, həm də Macarıstanla ayrıca sülh müqaviləsi imzaladılar: 1920-ci il iyunun 4-də Parisdəki Trianon sarayında.

Trianon sülhünün şərtləri macarlar üçün çox ağır oldu. İmperiya tərkibindəki Macarıstan krallığının 325,4 min kv. km ərazisi və dənizə çıxışı vardı. İndi isə dənizə çıxışı və ərazisinin 71,4 faizini itirirdi, cəmi 93 min kv. km qalırdı. Müharibədən əvvəl 20,9 milyon əhalisi vardısa, indi 7.6 milyon (itki 63 faizdən çox) oldu. İtirilən əhalinin çoxu başqa xalqlar olsa da, 3,3 milyonu macarlar idi. Bu isə macarların o vaxtkı sayının az qala üçdə bir hissəsi idi.

Bu üzdən macarlar arasında revanşizm hissləri çox güclü idi və İkinci Dünya müharibəsində Almaniyanın müttəfiqi olmaları təəccüblü deyildi. Sonrakı illərdə də o travmanı unutmayıblar, başqa dövlətlərdəki macar azlığı məsələsini Budapeşt tez-tez qabardıb. Orban da Ukraynadakı (1945-ci ildə Slovakiyadan qoparılan ərazilərdəki) macar azlığın guya pozulan hüquqlarını tez-tez dilə gətirirdi.

Birinci Dünya müharibəsindən sonra məğlub dövlətlərlə beş sülh müqaviləsi imzalandı. Almaniya ilə Versal (28.06.1919), Avstriya ilə Sen-Jermen (10.09.1919), Bolqarıstan ilə Nöyü (27.11.1919), Macarıstan ilə Trianon (04.06.1920) və Osmanlı ilə Sevr (10.08.1920) müqavilələri.

Bu beş müqavilənin dördü qüvvəyə mindi. Təkcə Sevrdən başqa: türk xalqının dirənişi və Mustafa Kamal adlı bir general sayəsində.

Şahbaz Xuduoğlu, naşir:

- Bazar günüm bazarda

"Azparking" bazarın içində də öz lövələrini asıb.

Dünən "Vasmoy" bazarına getmişdim. Çox basabasdır, yolları və keçidlər tıxanıb. Bazarın yerləşdiyi ərazidən əlavə, ətraf yerlər də demək olar ki, bazara çevrilib və orada sözün həqiqi mənasında antisanitariya hökm sürür.

Elə bir vəziyyət yaranıb ki, insan yaxınlaşıb nəsə almaq istəmir. Halbuki bazar çox əhəmiyyətli bir yerdir. İmkansız insanların çörək mənbəyidir, bir ərazinin inkişafını stimullaşdırır. Bazarın olması labüddür və olmalıdır.

Amma niyə insanların hər gün tələbat mallarını aldığı, hər gün üz tutduğu bir məkan bu qədər çirkli və baxımsız olmalıdır?

Mən istəmirəm ki, Bakıda olan digər bazarların taleyi də Təzə bazar, Nəsimi bazarı kimi olsun. Yəni bazarları elə bir həddə çatdırırlar ki, artıq hamı ondan narazı qalır. Antisanitariya, dağınıqlıq, üfunət, zibillik, insanların hərəkət edə bilməməsi...

Sonra isə belə bir vəziyyətdə qərar verilir ki, bazarlar ləğv olunsun, yerində hündür binalar tikilsin.

Zaman gələcək, bu bazarlar muzey kimi axtarılacaq.

Ona görə də bazarlar qəsdən və ya səhlənkarlıq ucbatından bu vəziyyətə gətirilməməlidir. Əksinə, səliqəyə salınmalı, insanlara normal şərait yaradılmalıdır. Həm orada öz malını satan insanlar üçün, həm də alış-verişə gələnlər üçün.

Baxırsınız, hər yerdə "Azparking" lövhələri asılıb. Hətta dükanların qarşısında, insanların piştaxtalarının üstündə belə. Bu yanaşma düzgün deyil.

Parklama üçün ayrıca və uyğun şərait yaradılmalıdır. Həm orada işləyənlər, həm də gələn alıcılar üçün.

Bu bazar ənənəsi bir cəmiyyət üçün çox vacibdir. Onu qorumaq lazımdır.

Vüsal Məmmədov, jurnalist:

- Viktor Orbanı əsasən "Putinin dostu" sayırlar, amma o, daha çox Trampın dostu idi. Tramp ötən həftə açıq şəkildə Orbana dəstək verərək yazmışdı: "Viktor Orban fenomenal nəticələr əldə etmək bacarığını sübut etmiş güclü liderdir. Macarıstanın maraqlarını səylə müdafiə edir, iqtisadiyyatın və ticarətin inkişafı, iş yerlərinin açılması üçün çalışır. Onun dövründə ABŞ-Macarıstan əlaqələri yeni zirvələrə yüksəldi. Mən 2022-ci ildə Viktoru dəstəkləməyimlə fəxr edirəm və bu dəfə yenidən ona dəstək vermək mənə şərəfdir. O, heç vaxt macar xalqını pis vəziyyətdə qoymaz".

Bundan əlavə, ötən həftə vitse-prezident Cey Di Vens Budapeştə səfər edərək, açıq şəkildə Orbanı təbliğ edirdi. Bu isə Orbanın ABŞ üçün nə qədər böyük əhəmiyyət daşıdığını göstərirdi.

Belə görünür, əks effekt verib. Avropada Trampa getdikcə artan antipatiyanın ilk qurbanlarından biri Orban oldu.

Eynulla Fətullayev, jurnalist:

- ABŞ İran xalqına azadlıq şüarı ilə başladı neftlə qurtardı...

İranda mürtəce mollakratiyaya qarşı hərəkata dəstək üçün müdaxilə edən ABŞ qısa müddətdən sonra bəyan etdi ki, bəs bizi İran xalqının azadlığı yox, neft və qaz maraqlandırır. İmperializmə xas riyakarlıqla etiraf etdilər ki, bir babat ayatollah tapsaydıq, onunla sövdələşib anlaşıb, ölkənin milli sərvətini bölüşdürərdik. Bu arada, gülləbaran edilmiş 50 min etirazçı da unuduldu, İranda demokratiya və azadlıq problemləri də...

Fəqət babat ayatollah tapa bilmədilər, hakim zümrəni parçalamağa müvəffəq olmadılar, ən pis ayatollahla bir masada əyləşib anlaşmağa cəhd etdilər. Yenə alınmadı. Sonra hərbi işğala əl atdılar. Zəbt edə bilmədilər... Sonda ən pis mollanı inandırmağa çalışdılar ki, heç olmasa əvvəlki status-kvo bərpa edilsin, Hürmüz açılsın. Alınmadı...

Vəhşi imperializm hər zaman dəyərlər uğrunda yox, yırtıcı maraqlar naminə çarpışır. İmperializmin bu vəhşi üzünü gördükdə insan solçuluğun ən ifrat qanadına belə qoşulmaq istəyir. Amerika, MAGA və Tramp - iyrənc, ürəkbulandırıcı və nifrətə layiq qüvvədir!

Rəşad Məcid, Mətbuat Şurasının sədri:

- Peter Magyarın soyadı Azərbaycan dilində Macar yazılmalıdır.

Macar dilində "gy" səsi Azərbaycan dilində "c" kimi tələffüz olunur.

Peter Macar ən düzgün variantdır.

Əks təqdirdə gərək macara magyar,

Macarıstana Magyarıstan deyək.

Elçin Rüstəmli, jurnalist:

- Obaşdan ictimai nəqliyyatda maraqlı mənzərə olur. Yarıyuxulu işə gedən, gecə növbəsindən çıxan adamların əksəriyyəti orta yaşdan yuxarıdır. Tək-tük cavanlar gözə dəyir.

Sərnişinlərin bir çoxu rayonlardan paytaxta iş, dolanışıq üçün miqrasiya edənlərdi. Hamı yorğun, qayğılı və kədərli görünür. Yolboyu mənzərəyə, bir-birinə baxan, danışan yoxdur, yəqin ki, hamı ürəyində öz-özü ilə danışır, götür-qoy edir, hesablayır, bölür, vurur, çıxır...

Avtobusa ayaq basan az qala iki nəfərdən biri kartını turnuketə uzadanda "balansınız yoxdur" xəbərdarlığı ilə üzləşir, dilxor olur, cibini eşələyir. Başqası dinib-danışmadan kartını uzadır, qəpik cingiltisi, yenidən sükut..

İnsanlardakı üzüntü təkcə ağır əmək, az maaş, üst-üstə yığılan problemlərlə bağlı deyil. Bakı - rayonlardan görünən o parıltılı, dəbdəbəli, qaynar həyatı olan şəhər ümidləri doğrultmayıb. Paytaxta ayaq basdığı ilk gündən o şahşaha sönüb, onun yerini amansız həyat şərtləri tutub: şənbə-bazar demədən, alaqaranlıqdan gecəyədək çalışmaq, əlləşmək... Yemək və kirayə pulunu çatdırmaq üçün. Əvvəlki arzular, planlar, xəyallar indi heç yada da düşmür.

Bakı arzuları puç edən kabusa dönüb. Geri dönməkmi? Bu sualı beynində tez-tez dolandıranların çoxunun bircə bəraəti var: burada heç olmasa çörək tapırıq...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
525.az

1Sources