Demokrat.az saytına istinadən ain.az xəbər verir.
Dünyada baş verən geosiyasi gərginliklər və regional münaqişələr bir çox sahələrə olduğu kimi turizm sektoruna da birbaşa təsir göstərir. Qlobal nəqliyyat axınları, uçuş marşrutları və turist axınlarında yaranan dəyişikliklər bu sahənin həssaslığını daha da artırır. Xüsusilə beynəlxalq bazarlarda baş verən hər bir qeyri-sabitlik turizm planlamalarına da təsirsiz ötüşmür.Məsələ ilə bağlı turizm eksperti Ruslan Quliyev Demokrat.az-a bildirib ki, dünyada baş verən müxtəlif təbiət hadisələri, kataklizmlər, müharibələr və münaqişələr turizmə ən çox təsir edən amillər sırasındadır:"Turizmin bərpa qabiliyyəti də güclüdür və çox tez bərpa oluna bilir. Amerika, İran və İsrail münaqişəsi fonunda mart ayında demək olar ki, bütün proqnozlarımız və eyni zamanda bütün real əməliyyatlar ləğv olundu. Bu da çox böyük maliyyə yükü yaratdı, müqavilə öhdəliklərinin həyata keçirilməməsi birbaşa fors-major hallarının tətbiq olunmasına gətirib çıxardı.Əlbəttə, biz nəzərə alsaq ki, Avropa-Asiya dəhlizi kimi körfəz ölkələri böyük rol oynayır. Yalnız Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər istiqamətlərdən söhbət getmir. Transit marşrutu olaraq Uzaq Şərqə, Asiya ölkələrinə olan trafik və yönləndirmələr də tamamilə bağlı vəziyyətə düşdü".O bildirib ki, bu günlərdə Azərbaycanda həm gəlmə turizm, həm də getmə turizm baxımından müəyyən risklər mövcuddur:"Təqribi hesablamalar göstərir ki, münaqişə başlayan gündən, dünya turizm iqtisadiyyatı 600 milyon dollar itirib. ABŞ və Frankfurt istiqamətində uçuşlar tamamilə ləğv edilib və qlobal müzakirələrdə də sentyabr ayına qədər bunun bərpa olunmayacağı qeyd olunur".Ekspert deyib ki, bu Azərbaycan üçün bir fürsətdir:"Azərbaycanın hava dəhlizi rolu ön plana çıxır. Kövrək sülh müqaviləsi yenidən münaqişəyə çevriləcəksə, ümumiyyətlə yeni turizm modeli haqqında da danışa bilmərik. Ancaq Azərbaycan üçün yeni fürsətlər ondan ibarətdir ki, Türk Dövlətləri Təşkilatına aid ölkələrlə turizm imkanlarının artırılmasına böyük ehtiyac var.Mərkəzi İpək Yolu marşrutunun aktivləşməsinə ehtiyac var. Hazırda Türkiyə və Avropa istiqamətində alternativ turizm sənayesi nümayəndələri müxtəlif keçid marşrutları hazırlayırlar. Azərbaycana gələn sağlamlıq turizmi və işgüzar turizmlə bağlı turistlərdə isə o qədər də ciddi azalma müşahidə olunmur. Ancaq may ayında Azərbaycanda keçiriləcək mötəbər şəhər forumunun keçirilməsi də ümid verir ki, burada iştirak edəcək ölkələr iştiraklarını təsdiqləyiblər və bu da onu göstərir ki, yaxın bir ay ərzində güclü təhdid olmayacaq.Amma eyni zamanda tam pessimist olmağa da ehtiyac yoxdur. Azərbaycan hava məkanının fəaliyyəti tam bağlanmayıb. Rəsmi məlumatlarda da görürük ki, Bakı hava qovşağında uçuş cədvəllərinin genişləndirilməsi və marşrutların davam etdirilməsi müşahidə olunur, transit, biznes səfəri və aviasiya xidmətləri baxımından Azərbaycan üçün real üstünlüklər mövcuddur.Ümumiyyətlə, bu, Azərbaycan turizm gəlirləri baxımından qısa müddətdə təsir göstərə bilər, lakin kəskin azalma deyil. Çünki Azərbaycanın gəlmə turizm bazarı hələ də böyük ölçüdə yaxın və orta məsafəli ölkələrdən formalaşır. Hazırda Hindistan və Pakistan bazarında bərpa prosesi gedir. Çindən gələn turistləri də müşahidə edirik. Şərqi və Qərbi Avropa, eləcə də Amerikadan da müxtəlif səfərlər davam edir. Azərbaycanda sağlamlıq turizmi və işgüzar turizm tədbirlər sənayesində elə bir sahə var ki, alternativ olaraq bu sahənin inkişaf etdirilməsi ilin sonuna qədər gəlmə turizm statistikasına ciddi təsir etməyəcək", - deyə o qeyd edib.Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.