EN

Mafiya serialları uşaqlara necə təsir edir? AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyədə baş verən məktəb qətliamından sonra cəmiyyətin reaksiyasını nəzərə alan televiziya kanalları və prodüserlər seriallarda silahlı və dava-dalaşlı səhnələri azaltmaq məcburiyyətində qalıblar. Türkiyənin reytinqli ekran işlərində məzmun dəyişikliyi olacaq. "Yeraltı”, “Eşref Rüya”, “A.B.İ” və “Taşacak bu deniz” seriallarının ssenari xətlərində ciddi düzəlişlər ediləcək. Bu qərarın verilməsinə aprelin 15-də Kahramanmaraşda baş verən qanlı hadisə səbəb olub. Məktəblərin birində 10 nəfərin ölümü ilə nəticələnən silahlı hücum ölkədə böyük sarsıntı yaradıb. Bu faciədən sonra cəmiyyətdə televiziya layihələrindəki zorakılıq və silah səhnələri yenidən kəskin tənqid olunmağa başlayıb.Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Demokrat.az-a açıqlamasında deyib ki, bu məsələni sadəcə “seriallar uşaqları pozur ya yox” kimi birmənalı qiymətləndirmək düzgün olmaz:“Burada psixoloji, sosial və texnoloji faktorların qarşılıqlı təsiri var. Müasir media mühiti uşağın formalaşmasında real təsir gücünə malikdir və bu təsir xüsusilə inkişaf mərhələsində olan yeniyetmələrdə daha həssas şəkildə özünü göstərir. Uşaq və yeniyetmələr hələ tənqidi düşünmə bacarığını tam formalaşdırmadığı üçün gördüyü davranışları model kimi qəbul etməyə meyllidir. Xüsusilə zorakılığın “normal”, “qəbul edilən” və ya “effektiv problem həll etmə yolu” kimi təqdim edilməsi onların psixikasında davranış nümunəsi yarada bilər. Bu gün artıq uşaqların təkcə televiziya ilə məhdudlaşmadığı doğrudur. Telefon, sosial media və müxtəlif platformalar vasitəsilə onlar daha sərbəst və nəzarətsiz kontentə çıxış əldə edirlər. Bu isə o deməkdir ki, məsələ yalnız serialların məzmunu ilə həll olunmur. Əksinə, informasiya mühitinin bütöv şəkildə idarə olunması, valideyn nəzarəti, media savadlılığı və psixoloji maarifləndirmə paralel aparılmalıdır. Yəni problem tək mənbədə deyil, ekosistem səviyyəsindədir”. O bildirib ki, verilən qərarların arxasında əsas məntiq cəmiyyətin psixoloji təhlükəsizliyini qorumaqdır:“Kütləvi travmatik hadisələrdən sonra insanlar daha həssas olur və zorakılıq görüntüləri həmin travmanı dərinləşdirə bilir. Mediada müəyyən filtrasiya və ya məzmunun yumşaldılması qısa müddətli sosial stabillik üçün əsaslandırıla bilər. Bu, senzura kimi yox, daha çox sosial məsuliyyət yanaşması kimi dəyərləndirilməlidir. Lakin uzunmüddətli perspektivdə yalnız qadağalar və məhdudiyyətlər effektiv olmur. Əsas həll yolu uşaqlarda emosional tənzimləmə bacarıqlarının inkişafı, valideynlərin aktiv iştirakı, məktəblərdə psixoloji dəstək sistemlərinin gücləndirilməsi və media ilə düzgün münasibətin öyrədilməsidir. Əgər uşaq gördüyü kontenti analiz etməyi, onun real həyatla fərqini ayırd etməyi bacarırsa, təsirin destruktivliyi əhəmiyyətli dərəcədə azalır. Belə qərarlara müəyyən dərəcədə ehtiyac var, amma bu, problemin yalnız bir hissəsini həll edir. Əsas fokus uşağın psixoloji dayanıqlığının artırılması və sağlam informasiya mühitinin formalaşdırılması üzərində olmalıdır”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
1
demokrat.az

2Sources