EN

Azad söz və plüralizm Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir -

Müasir cəmiyyətlərin inkişaf tempini müəyyən edən əsas göstəricilərdən biri fikir, söz və məlumat azadlığının hansı səviyyədə təmin olunmasıdır. Demokratiyanın dayanıqlılığı, sosial ədalətin qorunması və ictimai tərəqqi məhz bu azadlıqların real həyatda necə tətbiq edilməsindən asılıdır. Eyni zamanda müxtəlif fikir, baxış və dəyərləri özündə ehtiva edən plüralizm anlayışı cəmiyyətin intellektual və mədəni zənginliyini formalaşdıran əsas amillərdəndir. Bu iki anlayış bir-biri ilə sıx bağlıdır: azadlıq olmadan plüralizm, plüralizm olmadan sağlam azadlıq mühiti formalaşmır. Metbuat.az bildirir ki, Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi ardıcıl siyasət və göstərdiyi səylər nəticəsində mümkün olub. Bu, danılmaz bir reallıqdır və ölkədə baş verən mühüm dəyişikliklərin nəticəsi kimi qiymətləndirilir. Ümummilli liderin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda müstəqil mətbuatın formalaşması və inkişafı üçün yeni mərhələ başlandı, söz və məlumat azadlığının təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü islahatlar həyata keçirildi. Heydər Əliyevin xalqın tələbi ilə müstəqil Azərbaycanın rəhbərliyinə gəlməsindən sonra prioritet istiqamətlərdən biri də məhz hüquqi bazanın gücləndirilməsi oldu. Həmin dövr üçün xarakterik olan qeyri-sabitlik və xaos şəraitinə baxmayaraq, ölkənin müstəqilliyi qorunmaqla yanaşı, dövlət idarəçiliyində sabitlik yaradıldı və söz azadlığı, insan hüquqlarının müdafiəsi sahəsində sistemli addımlar atıldı. Ulu Öndərin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiqlənən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” və həmin ilin 6 avqustunda imzalanan “Söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman bu sahədə mühüm hüquqi zəmin yaratdı. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi isə media üzərində dövlət nəzarətinin aradan qaldırılması istiqamətində vacib addım oldu. Bundan başqa, 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanun, eləcə də sonrakı illərdə qəbul edilən “Məlumat azadlığı haqqında”, “Vətəndaş müraciətlərinə baxılması qaydası haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Ətraf mühitə dair informasiya almaq haqqında” qanunlar media mühitinin daha da liberallaşmasına şərait yaratdı. 2000-ci il 6 mart tarixli Sərəncamla təsdiq olunan “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması üzrə Tədbirlər Proqramı” da bu sahənin inkişafına ciddi töhfə verdi. Nəticə etibarilə, senzuranın ləğvi söz və mətbuat azadlığının genişlənməsinə güclü təkan verdi, müstəqil medianın inkişafı üçün yeni imkanlar açıldı və bu sahədə davamlı yüksəliş müşahidə olundu. Qeyd edək ki, fikir, söz və məlumat azadlığının təmin edilməsi, eləcə də media plüralizminin inkişafı Prezident İlham Əliyevin dövlət siyasətində daim xüsusi diqqət mərkəzində olan əsas istiqamətlərdən biridir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və ölkədə real söz və mətbuat azadlığının formalaşmasına yönəlmiş siyasət bu gün də onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Dövlət başçısı fəaliyyətə başladığı ilk gündən etibarən mətbuatın inkişafını ölkənin demokratik inkişaf strategiyasının əsas prioritetlərindən biri kimi müəyyənləşdirmiş və bu sahəyə xüsusi həssaslıqla yanaşmışdır. Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğının bariz nümunələrindən biri onun bu sahədəki fəaliyyətinin jurnalist ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməsidir. Belə ki, 2010-cu ildə o, “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür ki, bu da media nümayəndələri ilə dövlət arasında formalaşan qarşılıqlı etimadın göstəricisi kimi dəyərləndirilir. Eyni zamanda, 2009-cu il aprelin 3-də imzalanmış fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması bu sahəyə dövlət səviyyəsində göstərilən sistemli qayğının mühüm ifadəsidir. KİV Dəstəyi Fondunun və onun bazasında formalaşdırılan Medianın İnkişafı Agentliyinin fəaliyyəti nəticəsində media qurumlarının inkişafına maliyyə və institusional dəstək gücləndirildi, jurnalistikanın peşəkarlıq səviyyəsinin artırılması və müstəqil medianın formalaşması istiqamətində yeni imkanlar yaradıldı. Bu addımlar Azərbaycanda mətbuatın inkişafına, söz azadlığının möhkəmlənməsinə və informasiya mühitinin daha da genişlənməsinə ciddi töhfə vermişdir. Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması prosesi daim Ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olub və onun dövlətçilik siyasətinin mühüm istiqamətlərindən birini təşkil edib: Fotoda: millət vəkili Ceyhun Məmmədov“Ulu Öndərin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin bərpasıyla yanaşı, media sahəsində də ciddi islahatlara start verildi. Bu islahatlar nəticəsində söz azadlığının hüquqi və institusional əsasları formalaşdırıldı və müstəqil mətbuatın inkişafı üçün real şərait yaradıldı. Mərhum Prezident Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən mühüm fərman və sərəncamlar media mühitinin liberallaşmasına böyük təkan verdi. Xüsusilə, söz, fikir və mətbuat azadlığının təmin olunması ilə bağlı sənədlər bu sahədə dövlət siyasətinin prioritet istiqamətini müəyyənləşdirdi. Bununla yanaşı, insan hüquqlarının müdafiəsinə dair dövlət proqramları da informasiya azadlığının genişlənməsinə hüquqi zəmin yaratdı”. Millət vəkili qeyd edib ki, 1993-cü ildən sonra ölkədə kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması ən vacib addımlardan biri oldu. “Kütləvi informasiya vasitələri haqqında” qanunun qəbulu, eləcə də informasiya azadlığı ilə bağlı digər normativ aktlar medianın inkişafına yeni imkanlar açdı: “Şübhəsiz ki, senzuranın ləğvi Azərbaycan mediasının tarixində mühüm dönüş nöqtəsi idi. Bu addım ölkədə söz azadlığının real və praktik şəkildə təmin olunması üçün əlverişli zəmin yaratdı. Məhz bu qərardan sonra media mühitində yeni bir mərhələ başladı, jurnalistlərin fəaliyyət sahəsi genişləndi, fikir müxtəlifliyi və plüralizm daha da gücləndi. Eyni zamanda, informasiya əldə etmək hüququnun təmin olunması cəmiyyətin daha açıq və şəffaf informasiya məkanına çıxışını təmin etdi. Həyata keçirilən bu tədbirlər nəticəsində Azərbaycanda müstəqil media formalaşdı, jurnalistikanın inkişafı sürətləndi və vətəndaşların informasiya əldə etmək imkanları əhəmiyyətli dərəcədə genişləndi. Media orqanlarının sayı və peşəkarlıq səviyyəsi artdı, ictimai nəzarət mexanizmləri daha da gücləndi. Bu gün bu siyasət Azərbaycanın Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir və müasir çağırışlara uyğun olaraq daha da təkmilləşdirilir. Əminliklə demək olar ki, müstəqil Azərbaycan hazırda dünyada söz və mətbuat azadlığının, eləcə də fikir müxtəlifliyinin yüksək səviyyədə təmin olunduğu ölkələrdən biridir və bu istiqamətdə əldə olunan nailiyyətlər davamlı xarakter daşıyır”. Media eksperti Əfqan Qafarlı qeyd edib ki, ifadə azadlığı insanın daxili aləminin, düşüncə prosesinin heç bir təzyiqə məruz qalmadan formalaşması və ifadə olunması hüququdur. Əgər bir cəmiyyətdə insanlar öz düşüncələrini sərbəst formalaşdıra bilmirsə, orada yaradıcı inkişaf, elmi tərəqqi və sosial dinamika zəifləyir. Fotoda: media eksperti Əfqan QafarlıEkspertin sözlərinə görə, Azərbaycanda söz, mətbuat və ifadə azadlığının inkişafı, eləcə də media plüralizminin gücləndirilməsi istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər müsbət qiymətləndirilməlidir: “Bu sahədə aparılan islahatlar informasiya mühitinin daha açıq, çevik və çoxşaxəli olmasına şərait yaradıb. Müstəqil mətbuatın formalaşması və jurnalistikanın peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlar media sektorunun inkişafında yeni mərhələ başladıb. Ölkədə informasiya əldə etmək hüququnun genişlənməsi, rəqəmsal medianın inkişafı və ictimai məlumatlandırmanın sistemli şəkildə həyata keçirilməsi jurnalistlər üçün daha əlverişli fəaliyyət mühiti formalaşdırıb. Plüralizm prinsiplərinin gücləndirilməsi müxtəlif fikir və yanaşmaların ictimai müzakirəyə çıxarılmasına imkan verir. Bu isə demokratik cəmiyyətin əsas göstəricilərindən biridir”. Əfqan Qafarlı vurğulayıb ki, bu gün dövlət tərəfindən Azərbaycan mediasının inkişafına göstərilən qayğı həm institusional, həm də hüquqi mexanizmlərlə dəstəklənir. Jurnalistlərin fəaliyyətinin asanlaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və media qurumlarının maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülən işlər bu sahənin dayanıqlı inkişafına xidmət edir. Eyni zamanda, müxtəlif dövlət proqramları və dəstək mexanizmləri müstəqil medianın fəaliyyət imkanlarını daha da genişləndirib”. Ekspert qeyd edib ki, mətbuat azadlığının təmin olunması təkcə hüquqi məsələ deyil, həm də ictimai məsuliyyət və peşəkarlıq tələb edən bir sahədir. Bu baxımdan, jurnalistikanın inkişafı üçün yaradılan şərait informasiya məkanında keyfiyyətin yüksəlməsinə müsbət təsir göstərir: “Azərbaycanda söz və ifadə azadlığının, media plüralizminin və müstəqil mətbuatın inkişafı istiqamətində atılan addımlar ölkənin informasiya mühitinin daha da zənginləşməsinə və ictimai dialoqun genişlənməsinə xidmət edir”. Əfqan Qafarlı həmçinin vətəndaş cəmiyyəti quruculuğunda fikir, söz və məlumat azadlığının roluna diqqət çəkib. Bildirib ki, plüralizm müasir demokratik cəmiyyətlərin əsas sütunu hesab olunur: “Müşahidələr göstərir ki, cəmiyyətin inkişaf səviyyəsi onun fərqli fikirlərə nə qədər açıq olmasından və müxtəlif baxış bucaqlarına hansı səviyyədə tolerant yanaşmasından birbaşa asılıdır. Plüralizm və ifadə azadlığı bir-birini tamamlayan iki mühüm prinsip kimi daha sağlam ictimai münasibətlərin formalaşmasına xidmət edir. Azərbaycanda bu dəyərlərin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Bu dəyərləri qorumaq isə yalnız dövlətlərin deyil, həm də cəmiyyətin hər bir üzvünün üzərinə düşən məsuliyyətdir. Çünki azad media və açıq fikir mühiti dayanıqlı inkişafın təminatıdır”. Aynur Abdınova / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

Chosen
16
13
metbuat.az

10Sources