EN

Atlantik okeanı ilə bağlı alimlərdən narahatedici xəbərdarlıq

Yeni elmi araşdırmalar Atlantik okeanında Yer kürəsinin iqlimi üçün həyati əhəmiyyət daşıyan “AMOC” (suyu “dövr etdirən” böyük okean axın sistemi) sisteminin zəiflədiyini ortaya çıxarıb. 

“CNN” xəbər verir ki, alimlərin sözlərinə görə, bu proses əvvəllər düşünüləndən daha sürətli gedə bilər və gələcəkdə ciddi iqlim dəyişikliklərinə səbəb olar.

“AMOC” okeanlarda istilik, duz və suyun daşınmasını təmin edən nəhəng bir “konveyer kəməri” kimi fəaliyyət göstərir və Avropa, Şimali Amerika və Afrika da daxil olmaqla bir çox bölgənin iqlimini tənzimləyir. Son tədqiqatlara görə, “AMOC” son 20 ildə artıq zəifləmə əlamətləri göstərir. İqlim modelləri bu zəifləməni tam dəqiqliklə qiymətləndirmir. Əsrin sonuna qədər sistemin gücünün 50 faizdən çox azalması mümkündür. Alimlər xəbərdarlıq edirlər ki, bu proses davam edərsə, nəticələr ciddi ola bilər. Avropada daha sərt qışlar, ABŞ-nin şərq sahillərində dəniz səviyyəsinin yüksəlməsi və Afrikanın bəzi bölgələrində uzunmüddətli quraqlıqlar müşahidə edilə bilər.

Mütəxəssislərin fikrincə, “AMOC”un zəifləməsi artıq real müşahidələrlə təsdiqlənir və bu, sistemin potensial “dönüş nöqtəsinə” yaxınlaşdığını göstərə bilər.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

1Sources