EN

Şagirdlərdə mobil telefonların olması dərsə mənfi təsir göstərir

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanda ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydalar müəyyən ediləcək. Bu, Prezident İlham Əliyevin uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında imzaladığı Sərəncamda öz əksini tapıb. Belə ki, Nazirlər Kabineti məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydaların müəyyən edilməsi və tətbiqi ilə bağlı tədbirlər görülməsini təmin etməli, məktəbəhazırlıq və ümumi təhsil fənləri üzrə təhsil proqramlarına (kurikulumlara), o cümlədən məzmun standartlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularının daxil edilməsi, eyni zamanda mediada valideynlər, müəllimlər və uşaqlara yönələn maarifləndirmə proqramlarının hazırlanıb həyata keçirilməsi ilə bağlı tədbirlər görməlidir.

Son illərdə mobil telefonlar insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Xüsusilə şagirdlər arasında bu texnologiyanın geniş yayılması məktəblərdə müəyyən problemlərə səbəb olur. Buna görə də bir çox ölkələrdə və təhsil müəssisələrində şagirdlərin mobil telefondan istifadəsi qadağan olunub. Bəzi ölkə məktəblərində isə telefonların qadağan edilməsi məsələsi müzakirə olunur.

Əvvəla, şagirdlərdə mobil telefonların olması dərs prosesinə mənfi təsir göstərir. Şagirdlər dərs zamanı diqqətlərini müəllimdən yayındıraraq sosial şəbəkələrə daxil olur, oyun oynayır və ya mesajlaşırlar. Bu isə onların dərs materialını mənimsəməsini çətinləşdirir və sosial media, oyunlar və mesajlaşma tətbiqləri şagirdləri dərsdən uzaqlaşdırır və tədris prosesinə cəlb olunmalarını çətinləşdirir. Bu da akademik performansı aşağı salır. Şagirdlərin daha çox sosial əlaqələrə və əyləncəyə fokuslanmalarına səbəb olur. Şagirdlərin telefona həddən artıq bağlılığı onlarda asılılıq yaradır və nəticədə sosial fəaliyyətlərdən və tədris prosesindən uzaqlaşırlar. Telefonlar şagirdlərin sosial əlaqələr qurma bacarıqlarını zəiflədir, onları real həyatdan uzaqlaşdırır və həmyaşıdları ilə ünsiyyətdən yayındırır.

Digər tərəfdən, mobil telefonlar məktəbdə nizam-intizam problemlərinə də səbəb ola bilər. Bəzi hallarda şagirdlər gizli şəkildə şəkil və video çəkərək həmyaşıdlarını narahat edir, bu da məktəb mühitində gərginlik yaradır. Hətta bu vəziyyət zorakılıq və kiberzorakılıq hallarına gətirib çıxara bilər.

Şagirdlərin diqqətinin dərsə cəmlənməsini təmin etmək və təhsil mühitindəki diqqəti yayındıran amilləri azaltmaq məqsədini bəzi dünya ölkələrinin məktəblərində şagirdlərin mobil telefondan istifadəsi qadağan olunub. Bu qadağa xüsusi hallar istisna olmaqla tətbiq edilir.

İsveçin bütün məktəblərində mobil telefonların istifadəsi qadağan olunacaq. Şagirdlər dərs günü ərzində telefonlarını məktəbə təhvil verirlər. Hökumət bu qərarı təhsil islahatlarının bir hissəsi kimi qiymətləndirir və məqsədin daha sağlam təhsil mühiti yaratmaq olduğunu bildirir.

Danimarka da məktəblərdə telefon istifadəsini məhdudlaşdıran ölkələr sırasındadır. Hökumət tərəfindən hazırlanan tövsiyələrə əsasən, 7-16 yaş arası şagirdlər üçün məktəblərdə və dərsdənkənar fəaliyyət mərkəzlərində mobil telefon istifadəsi qadağan edilmişdir. Bu qərarın məqsədi uşaqların sosial bacarıqlarını artırmaq və diqqət yayındıran texnologiyaları məhdudlaşdırmaqdır.

Avstriyada 2025-ci ildən etibarən məktəblərdə mobil telefon istifadəsi ilə bağlı yeni qaydalar qüvvəyə minib. Qaydalara əsasən ibtidai və orta məktəblərdə telefonlardan istifadə qadağan edilir, yalnız müəllimin icazəsi ilə tədris məqsədli istifadə mümkündür. Bu addım şagirdlərin dərs zamanı daha aktiv iştirakını təmin etmək üçün atılıb.

Böyük Britaniyada da məktəblərdə mobil telefon istifadəsinin məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb. 2024-cü ilin fevralında İngiltərə hökuməti tərəfindən məktəblərə rəsmi rəhbərlik (guidance) göndərilmiş və dərs zamanı mobil telefonların istifadəsinin qadağan olunması tövsiyə edilib. Bu qərar qanun xarakteri daşımasa da, əksər məktəblərdə ciddi şəkildə tətbiq olunur və telefonlar dərs günü ərzində şagirdlərdən toplanır.

Cənubi Koreyada da məktəblərdə mobil telefon və digər smart cihazların istifadəsi qanunla məhdudlaşdırılıb. Parlament tərəfindən qəbul edilən bu qərar şagirdlər arasında artan texnologiya asılılığı və psixoloji təsirlərin qarşısını almaq məqsədi daşıyır.

Mütəxəssislərin fikrincə, mobil telefonlardan istifadə şagirdlərin həm sağlamlığına, həm də təlim-tərbiyəsinə mənfi təsir göstərir. Nəticədə dərs prosesi pozulur, şagirdlərin diqqəti yayınır.

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, mobil telefonlar yeniyetmələr arasında psixi sağlamlığın pisləşməsinə səbəb olan, sosial inkişafı əngəlləyən və kiber zorakılığa şərait yaradan əsas mənbədir. Bu hal şagirdlərin məktəbdə düzgün olmayan davranışların formalaşmasına rəvac verən ən böyük amillərdən biridir. Aparılan araşdırmalar göstərir ki, sinifdə smartfonların istifadəsi daimi olaraq şagirdin diqqətinin dərsdən yayınmasına, aqressiv halların artmasına, şagirddə müəllimlərə qarşı uyğunsuz davranışlara, testlər, ev tapşırıqlarının hazırlanmasında valideyni və eləcə də müəllimlərini aldatmaq, uyğun olmayan fotoşəkillər çəkmək, mobil oyunlar oynamaq kimi zərərli vərdişlərə şərait yarada bilir. Elə bunun nəticəsidir ki, bir çox məktəblərdə şagirdlərin dərsə olan diqqətini artırmaq üçün mobil telefonlardan istifadə qadağan edilir.

Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, dərs zamanı şagird telefondan uzaq qalmalıdır. Amma biz son dövrlər bunu müşahidə etmirik. Bu gün şagirdlər dərs vaxtı telefonla məşğul olur. Xüsusilə yuxarı sinif şagirdləri dərsin gedişatında video çəkir, oyun oynayır, sosial şəbəkələrdə paylaşımlar edirlər. Bunlar yolverilməzdir. Şagird dərs zamanı yalnız biliyin əldə edilməsinə çalışmalıdır.

Ekspert qeyd edib ki, bəziləri şagirdlərin məktəbdə mobil telefondan istifadəsinin qadağa qoyulmasını onların hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirir. Bu, düzgün deyil. Çünki burada məqsəd hüquqların məhdudlaşdırılmasından daha çox şagirdin dərsə və oxumağa təşviq edilməsini nəzərdə tutur. Şagirdlər dərsdə də telefonla məşğul olur. Xüsusilə yuxarı sinif şagirdləri dərs zamanı telefonda oyunlar oynayırlar. Bütün diqqətləri dərsə yox, telefona, oyuna yönəlir. Bunun qarşısını almaq üçün ümumi qaydaya ehtiyac var.

E.Əfəndinin dediyinə görə, şagirdlərin mobil telefondan istifadə etməsinin müsbət tərəfi yalnız valideyni ilə əlaqə saxlamasıdır. Amma müsbət olmayan tərəfləri çoxdur: "Qeyd etdiyim kimi, dərsin gedişatında müxtəlif əyləncələr üçün işlər görürlər, məsələn, video çəkirlər, oyun oynayırlar və sair. Bunlar yolverilməzdir. Onlar dərs zamanı yalnız biliyin əldə edilməsinə çalışmalıdır. Əks halda telefonlar müvafiq biliklərin əldə edilməsinə imkan verməyəcək. Azərbaycan təhsil müəssisələrində təxminən 1 milyon 600 minə yaxın şagird təhsil alır. Bu şagirdlərin hər biri dərs zamanı mobil telefondan istifadə edərsə, biz gələcək üçün ziyalı, istedadlı gənclər yetişdirməkdə əziyyət çəkəcəyik. Bu barədə ciddi düşünməyə dəyər".

Millət vəkili Mehriban Vəliyeva qeyd edib ki, çox təəssüf ki, bu gün sosial şəbəkə və ağıllı cihazların uşaqların tərbiyəsinə və emosional-psixoloji vəziyyətinə təsiri qaçılmazdır. Çünki bəzən yeni nəsli daha çox onlar idarə edir. Ağıllı cihazlardan məqsədyönlü istifadə olunmalıdır. Bu istiqamətdə valideynlər də daim maarifləndirilməli, uşaqlarının telefonlara lazımsız proqramlar yükləməsinə qadağalar qoymalıdırlar: "Mobil cihazlar tədris resursu kimi istifadə olunmursa, ondan tədris prosesində istifadə diqqəti yayındırır. O, tədqiqat məqsədli araşdırma zamanı müəllim nəzarəti ilə istifadə oluna bilər".

Bugünün şagirdləri sanki məktəbdə macəra axtarışındadırlar və baş verən ən kiçik hadisələri dərhal çəkərək sosial şəbəkələrdə paylaşırlar. Buna görə də mütəxəssislər hesab edirlər ki, şagirdlərin məktəbdə mobil telefondan istifadəsinə məhdudiyyətlər qoyulmalıdır. Şagirdlər anlamalıdırlar ki, onlar məktəbə təhsil almağa gəlir, telefonda oyunlar oynamağa, çəkiliş etməyə deyil.

Müəllimin sinifdə hər şagirdə ayrı-ayrılıqda nəzarət etməsi çətindir. Bu səbəbdən də məktəbin girişində telefonlar mühafizəçilər tərəfindən yığılmalıdır. Məsələ uşaqları zərərverici kontentlərdən uzaqlaşdırmaq, şagirdlər tərəfindən məktəbə aidiyyəti olmayan kontentlərin yaradılmasının qarşısını almaqdır. Bu qadağa şagirdlərin heç bir formada texnologiyaya olan əlçatanlığının qarşısını almır. Çünki məktəblərdə informatika dərsi keçirilir. İnformatikaya çıxış əldə etmək istəyən, rəqəmsal dünya ilə əlaqəsini kəsmək istəməyən uşaq onsuz da evdə olduğu müddətdə kompüterdən istifadə edəcək.

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
525.az

1Sources