EN

Türkiyə külək enerjisində regional mərkəzə çevrilib  

Türkiyə külək enerjisi sahəsində rəqabətədavamlı bir sənaye bazasına çevrilib.

Anadolu Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Külək Enerjisi Birliyinin (TÜREB) sədri İbrahim Erden açıqlamasında deyib. 

Türkiyənin enerji ekosistemindəki rolunu dəyərləndirən İbrahim Erden hazırda təxminən 150 sənaye şirkətinin bu sahədə fəaliyyət göstərdiyini bildirib. O, Türkiyənin layihə icraçısı ilə yanaşı, həm də qlobal miqyasda güclü bir avadanlıq istehsalçısı olduğunu vurğulayıb: “Türkiyənin istehsal infrastrukturu geniş imkanlara malikdir. Sənaye, tikinti və texniki xidmət sahələri daxil olmaqla, sektorda 20 mindən çox insan işlə təmin olunub”.

İ.Erden qeyd edib ki, Türkiyənin Avropa, Yaxın Şərq, Şimali Afrika və Orta Asiya bazarlarına yaxınlığı böyük üstünlük yaradır. Sürətli çatdırılma, münasib xərclər və yüksək mühəndislik qabiliyyəti Türkiyəni ön plana çıxarır. Bu mövqeyi qlobal “üst liqaya” daşımaq üçün isə ixrac dəstək mexanizmlərinin gücləndirilməsi və daxili bazarın sabitliyi vacibdir.

“Dənizüstü külək layihələri yeni investisiya dalğası yaradacaq. Həmçinin 2035-ci il üçün hədəflənən 7,5 giqavatlıq batareya tutumu enerji keçidinin saxlanc sistemləri ilə paralel inkişaf edəcəyini göstərir. Sektorun daha da böyüməsi üçün şəbəkə infrastrukturuna yatırımlar artırılmalı və investorlar üçün maliyyə proqnozları daha şəffaf olmalıdır”, - deyə İbrahim Erden əlavə edib.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

1Sources