Rusiya-Ukrayna müharibəsi davam etsə də, əsas diqqətin isə diplomatik kanallara yönəldiyi müşahidə olunur.
Hər iki tərəfin ciddi itkilər və iqtisadi təzyiqlərlə üzləşməsi fonunda münaqişənin yaxın perspektivdə danışıqlar mərhələsinə keçməsi ehtimalı gündəmdə qalır.
Bununla belə, hələ də yekun sülh sazişinə nail olunmayıb.
Rusiya-Ukrayna müharibənin mövcud gedişatı nələri vəd edir?
“Cebheinfo.az”-a danışan siyasi şərhçi Aydın Tağıyev bildirib ki, hazırda Rusiya-Ukrayna müharibəsi diplomatik mərhələyə keçid dövrünü yaşayır.
O qeyd edib ki, hərbi əməliyyatlar davam etsə də, əsas diqqət sülh danışıqlarına və mümkün atəşkəsə yönəlib:
“Qərb dövlətlərinin dəstəyi, Rusiyaya qarşı iqtisadi təzyiqlər və Ukraynanın müqavimət gücü münaqişənin gedişatını müəyyənləşdirir. Hərbi əməliyyatların gedişindən görünən odur ki, döyüşlər hələ də davam edir. Lakin genişmiqyaslı hücumlar əvvəlki illərlə müqayisədə azalıb. Ukrayna ordusu müdafiə mövqelərini qorumağa çalışır”.
Siyasi şərhçi əlavə edib ki, mövzuya Qərb, xüsusilə Avropa tərəfdən baxdıqda, Avropa İttifaqı ilə ABŞ arasında yanaşma fərqləri müşahidə olunur:
“ABŞ daha çox kompromisə meyilli görünür, Avropa isə Rusiyanın strateji məğlubiyyətini tələb edir. Mövcud mənzərəyə baxdıqda Rusiyanın daxili iqtisadi çətinlikləri müharibənin davamlılığını zəiflədir, Ukrayna isə Qərbin maliyyə və hərbi dəstəyinə güvənir. Bu yaxınlarda Almaniya ilə də müvafiq sazişin reallaşması bu dəstəyin davam etdiyini göstərir.”
Aydın Tağıyev bildirib ki, müharibənin geosiyasi balansı çox böyük ziddiyyətləri əks etdirir:
“Müharibə artıq yalnız regional münaqişə deyil, qlobal güc balansının bir hissəsinə çevrilib. NATO-nun genişlənməsi, Rusiyanın enerji siyasəti və Çin kimi aktorların mövqeyi bu balansı formalaşdırır.
Hər iki tərəfin ciddi itkiləri, iqtisadi təzyiqlər və beynəlxalq ictimaiyyətin təzyiqi sülh danışıqlarını aktuallaşdırsa da, hələlik ortada real nəticə yoxdur. Müharibənin gedişatı yaxın aylarda diplomatik müstəviyə keçə bilər. Ən real ssenari müvəqqəti atəşkəs və danışıqların güclənməsidir. Lakin ərazi məsələləri və Avropa İttifaqının sərt mövqeyi yekun sülhün tezliklə əldə olunmasını çətinləşdirir”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”