EN

Universitet bitirib işsiz qalmaqdansa, peşə təhsili al Gənclərə ÇAĞIRIŞ

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

"Ümumiyyətlə, təhsilin məqsədi ondan ibarətdir ki, məzun olduqdan sonra insan əmək fəaliyyəti ilə məşğul olmalıdır və burada müəyyən peşələr var ki, həmin peşələrin məzunları məzun olan kimi yüksək əməkhaqqılı iş tapa bilirlər. Bunlar xüsusilə neft-qaz sənayesində, alternativ və bərpa olunan enerji sahəsində, eyni zamanda kiçik tibb ixtisasları, avtoçilingər və sair kimi sahələrdə olan peşələrdir ki, kifayət qədər yüksək əməkhaqqı təklif edirlər".

Bu fikirləri peşə təhsili haqqında Redaktor.az-a danışan təhsil eksperti Elçin Süleymanov bildirdi.

Müsahibimiz əlavə etdi ki, sovet dövründə peşə məktəblərinə baxış fərqli idi və müstəqilliyin ilk illərində maddi-texniki bazanın zəifləməsi və sair səbəblər həmin sahədə müəyyən boşluqlar yaratdı:

"Amma son illərdə istər Elm və Təhsil Nazirliyinin tabeliyində, istərsə də müxtəlif nazirliklərin, agentliklərin tabeliyində yeni məzmunlu peşə məktəbləri yaradılır. Cənab prezidentin keçən il tapşırığı və sərəncamı ilə müasir tipli 20-dən çox peşə məktəbinin yaradılması barədə qərar qəbul olundu. Bunlar müasir texniki-texnoloji avadanlıqlarla təchiz olunub, iqtisadiyyatda lazım olan peşə və bacarıqlar öyrədilir. Məzunların əmək bazarında iş tapmasına da bu bacarıqların böyük köməyi olacağı düşünülür. Azərbaycan turizm ölkəsidir, Azərbaycan aqrar ölkəsidir. Yəni neft-qaz fəaliyyəti ilə yanaşı, qeyri-neft sənayesinin inkişafında sadəcə ali təhsilli yox, eyni zamanda orta və peşə-ixtisas təhsilli kadrlara da ehtiyac var. İstehsal prosesi, dediyim kimi, kənd təsərrüfatı və aqrar sahədə müəyyən peşə və bacarıqları zəruri edir. Burada ali təhsil, təbii ki, elitardır, amma məzun olub iş tapmaqda problem yaranacaqsa və ya məzun olub, deyək ki, peşə təhsili məzunlarının işləyəcəyi yerdə işlənəcəksə, onda tövsiyə olunur ki, peşə təhsili alınsın. Çünki bu daha operativdir, daha qısamüddətlidir, daha az resursla əmək bazarına daha tez çıxış imkanı verir".

O həmçinin qeyd etdi ki, burada sadəcə peşə seçərkən aktual, aktuallığını itirməyən peşələr seçilməlidir:

"Çünki texnologiya inkişaf edir, müəyyən peşə və bacarıqları süni intellekt əvəz edir. Ona görə də bu sahədə tədqiqatlar aparılmalı, araşdırmalar edilməlidir. Gələcək illərdə, məsələn, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji ilə əlaqəli sahələrdə, avtotəmir istiqamətində, xüsusilə elektrikli avtomobillərlə bağlı çilingər və mexanik peşələrində, eyni zamanda fizioloji xidmət sahəsində, əhalinin yaşlanmasını nəzərə alaraq müxtəlif tibb avadanlıqlarının istifadəsi, laboratoriya və analizlə əlaqəli peşə və bacarıqlara ehtiyac artacaq. Düşünürəm ki, usta peşələri, xidmət sektoru, aşpazlıq və kənd təsərrüfatı ilə əlaqəli peşələr də öz aktuallığını qoruyub saxlayacaq".

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
1
redaktor.az

2Sources