EN

Səhiyyədə yeni mərhələ: vətəndaş məmnunluğu

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Azərbaycanda səhiyyə sistemində yeni islahat mərhələsinin başlanması dövlətin sosial siyasətində keyfiyyətcə yeni yanaşmanın formalaşdığını göstərir. Bu mərhələnin əsas hədəfi vətəndaşların tibbi xidmətlərdən məmnunluğunu artırmaq, xidmətlərin əlçatanlığını genişləndirmək və səhiyyə idarəçiliyində çevikliyi təmin etməkdir. Anar Bayramovun yeni rəhbər təyin edilməsi ilə sistemdə struktur dəyişiklikləri daha məqsədyönlü və nəticəyönümlü xarakter almağa başlayır”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, islahatların mühüm istiqamətlərindən biri səhiyyə və sosial müdafiə sistemləri arasında səmərəli koordinasiyanın qurulmasıdır. “Bu yanaşma həm tibbi xidmətlərin planlaşdırılmasını optimallaşdıracaq, həm də sosial həssas qrupların ehtiyaclarının daha dəqiq qarşılanmasına imkan verəcək. Beləliklə, dövlət resurslarının istifadəsində paralelliyin aradan qaldırılması və sinerjinin gücləndirilməsi təmin olunacaq”, - o vurğulayıb.

 Deputat əlavə edib ki, tibbi sığorta fondunun vəsaitlərinin idarə edilməsi və istifadəsinin səmərəliliyinin artırılması da islahatların əsas prioritetlərindən biridir: “Şəffaflıq və effektiv maliyyə idarəçiliyi nəticəsində həm xidmət keyfiyyəti yüksələcək, həm də vəsaitlərin daha məqsədyönlü istiqamətləndirilməsi mümkün olacaq. Bu isə uzunmüddətli perspektivdə səhiyyə sisteminin dayanıqlığını gücləndirəcək.

Yeni mərhələdə tibbi xidmətlərin əlçatanlığı, operativliyi və keyfiyyəti xüsusi diqqət mərkəzindədir. Regionlarda tibbi infrastrukturun inkişafı, rəqəmsal səhiyyə həllərinin genişləndirilməsi və insan resurslarının gücləndirilməsi bu istiqamətdə atılan addımların əsasını təşkil edir. Məqsəd hər bir vətəndaşın yaşadığı yerdən asılı olmayaraq keyfiyyətli tibbi xidmətə çıxışını təmin etməkdir.

Bu prosesdə TƏBİB-in rolu daha da artırılır. Qurumun institusional gücləndirilməsi səhiyyə sistemində vahid idarəetmə modelinin formalaşmasına xidmət edir. TƏBİB-in səlahiyyətlərinin genişləndirilməsi, onun daha çevik və nəticəyönümlü fəaliyyət göstərməsinə imkan yaradır. Bu isə vətəndaşyönümlü idarəetmə modelinə keçidin əsas elementlərindən biri kimi çıxış edir.

Eyni zamanda, TƏBİB-in müasir, dayanıqlı və səmərəli təşkilat kimi inkişafı üçün yeni imkanlar yaradılır. Qurumun səhiyyə sisteminin çağırışlarına operativ uyğunlaşma qabiliyyəti artırılır ki, bu da fövqəladə vəziyyətlərdə və gündəlik xidmətlərdə daha çevik qərarların qəbuluna şərait yaradır.

Nəticə etibarilə, həyata keçirilən bu islahatlar əhaliyə daha yüksək səviyyəli tibbi xidmətlərin göstərilməsini təmin etməyə yönəlib. Yeni mərhələ yalnız struktur dəyişiklikləri ilə məhdudlaşmır, eyni zamanda səhiyyədə keyfiyyət, əlçatanlıq və insan amilini ön plana çəkən yeni idarəetmə fəlsəfəsinin formalaşmasını təmin edir. Bu isə Azərbaycanın səhiyyə sisteminin daha dayanıqlı və effektiv modelə çevrilməsinin əsasını qoyur”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
1
olke.az

2Sources