EN

Azərbaycan Qazaxıstanda Qiymətləndiricilərin II Milli Konqresinə qatılıb

ain.az, 525.az portalına istinadən məlumat verir.

Azərbaycan Qazaxıstanda keçirilən və qiymətləndirmə fəaliyyətinin 30 illiyinə həsr olunmuş Qiymətləndiricilərin II Milli Konqresində təmsil olunub.

525.az bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasına (AQP) istinadən xəbər verir.

Məlumata görə, qurumun sədri Nüsrət İbrahimov, sədr müavini Ayan Qəmbərova və Palatanın nümayəndə heyəti Qazaxıstanda rəsmi səfərdədir. Səfərin məqsədi iki ölkə arasında qiymətləndirmə sahəsində əməkdaşlığın dərinləşdirilməsi, institusional əlaqələrin möhkəmləndirilməsi, həmçinin beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsidir.

Səfər çərçivəsində AQP sədri Konqresdə rəsmi qonaq qismində iştirak edib və məruzə ilə çıxış edib. Onun "Əmlak İndeksi: hesablama metodologiyası və təhlili", "ESG faktorlarının AQP İndeksinə daxil edilməsi" və "Genişləndirilmiş ESG çərçivəsi çərçivəsində qiymətləndirmə xüsusiyyətləri" mövzularında təqdimatları konqres iştirakçılarının böyük marağına səbəb olub.

N.İbrahimov Azərbaycanın qiymətləndirmə sistemində tətbiq edilən müasir yanaşmalar, bazar indekslərinin formalaşma prinsipləri, daşınmaz əmlak bazarının ölkə iqtisadiyyatındakı əhəmiyyəti və qiymətləndirmə fəaliyyətində dayanıqlılıq meyarlarının rolu barədə ətraflı məlumat verib. O, ESG (ekoloji, sosial və idarəetmə) prinsiplərinin qiymətləndirmə prosesinə inteqrasiyasının qlobal səviyyədə aktuallığını vurğulayaraq, AQP tərəfindən hazırlanmış Əmlak İndeksinin metodologiyasının beynəlxalq standartlara tam uyğun şəkildə qurulduğunu qeyd edib.

Eyni zamanda sədr çıxışında ESG prinsiplərinin yalnız maliyyə göstəriciləri deyil, həm də sosial məsuliyyət, resursların idarə olunması və korporativ şəffaflıq baxımından vacib meyar kimi qiymətləndirilməsinin zəruriliyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, AQP-nin hazırladığı genişləndirilmiş ESG çərçivəsi təkcə Azərbaycan üçün deyil, bütün region ölkələri üçün nümunəvi model kimi çıxış edə bilər.

Konqresdə müxtəlif ölkələrin aparıcı ekspertləri və qiymətləndirmə təşkilatlarının rəhbərləri ilə görüşlər keçirilib, müasir qiymətləndirmə metodologiyaları və rəqəmsal platformaların tətbiqi üzrə fikir mübadiləsi aparılıb. Qazaxıstan Qiymətləndiricilər Palatası və AQP arasında gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən ortaq tədqiqat layihələrinin reallaşdırılması, təlim proqramlarının təşkili və region üzrə vahid metodoloji bazanın formalaşdırılması məsələləri müzakirə olunub.

Bu səfər AQP-nin beynəlxalq əlaqələrinin inkişafı, peşəkar standartların harmonizasiyası və Azərbaycanın qiymətləndirmə bazarının qlobal iqtisadi sistemə inteqrasiyası istiqamətində atılmış mühüm strateji addımlardan biri kimi qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
525.az

1Sources