EN

Türkiyədə əməliyyat: 3 milyonluq brilyant ələ keçirildi

İndoneziyadan qaçaq yollarla Türkiyəyə gətirilən və bazar dəyəri təxminən 3 milyon dollar (5 milyon 100 min manat) olan 80 karatlıq brilliant İstanbulda keçirilən xüsusi əməliyyat nəticəsində ələ keçirilib.

“Yeni Sabah” Habertürk-ə istinadla xəbər verir ki, İstanbul Polis İdarəsinin  Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi Qapalıçarşıda qiymətli lal-cəvahiratın satışa çıxarılmaq istənildiyi ilə bağlı daxil olan məlumatdan sonra xüsusi əməliyyat hazırlayıb.

Əməliyyat zamanı brilyantı satmağa çalışan 4 nəfər cinayət başında saxlanılıb. Araşdırmaların davamında isə aprelin 12-də Türkiyəyə daxil olduqları müəyyən edilən və hadisə ilə əlaqəsi olduğu güman olunan daha 2 nəfər tutulub.

Hazırda İstanbul polis idarəsində saxlanılan 80 karat (16 qram) ağırlığında, sarı almazla işlənmiş qiymətli daş indiyədək Türkiyədə aşkar edilən ən böyük və ən dəyərli qaçaqmaldır. O, məşhur "Kaşıkçı Elması" (Qaşıqçı Brilyantı) ilə müqayisədə cəmi 1 qram yüngüldür.

"Qaşıkçı Brilyantı" dünyanın ən nadir qiymətli daşlarından biri hesab olunur. Təxminən 86 karat (17,2 qram) ağırlığında, armud formalıdır və 49 iri daşla əhatələnərək xüsusi zərgərlik kompozisiyası şəklində təqdim olunur. Onun mənşəyi ilə bağlı müxtəlif rəvayətlər mövcuddur, lakin ən çox qəbul edilən versiyaya görə, Osmanlı dövründə tapılıb. Hazırda İstanbulda, Topkapı Sarayında sərgilənir və həm tarixi, həm də maddi dəyərinə görə Türkiyənin ən qiymətli sərvətlərindən biri sayılır.


Telegram kanalımız
Chosen
8
1
yenisabah.az

2Sources