EN

"Snap Inc." 1000 əməkdaşını işdən çıxarır

"Snap Inc." 1000 əməkdaşını işdən çıxarır

"Snapchat"ın ana şirkəti "Snap Inc." süni intellektə (AI) keçid prosesini sürətləndirmək və əməliyyat xərclərini azaltmaq məqsədilə təxminən 1000 əməkdaşını işdən çıxaracağını elan edib.

AFN.az xəbər verir ki, bu rəqəm şirkətin ümumi işçi qüvvəsinin təxminən 16 faizinə bərabərdir.

Yenidənqurma planı çərçivəsində, həmçinin 300-dən çox vakant iş yeri dondurulub. Şirkət rəhbərliyi bu qərarın əməliyyatları daha çevik və səmərəli hala gətirmək strategiyasının bir hissəsi olduğunu bildirib. "Snap Inc." rəsmiləri süni intellektin şirkət daxilindəki iş rejimini kökündən dəyişdiyini vurğulayıblar.

Paylaşılan məlumatlara görə, şirkətdəki yeni proqram kodlarının 65 faizindən çoxu artıq süni intellekt dəstəyi ilə istehsal olunur. Şirkət rutin işləri süni intellekt alətlərinə və rəqəmsal asistentlərə həvalə edərkən, insan resurslarını daha mürəkkəb tapşırıqlara yönəltməyi hədəfləyir.

"Snap"ın baş icraçı direktoru (CEO) Evan Şpigel bu addımlarla ilin ikinci yarısına qədər illik xərclərdə 500 milyon dollardan çox qənaət etməyi planlaşdırdıqlarını açıqlayıb. İşdən çıxarma qərarı "Snap"ın 2,5 faiz səhminə sahib olan "Irenic Capital Management" investisiya şirkətinin səmərəlilik təzyiqi göstərdiyi bir vaxtda qəbul edilib.

İnvestorlar şirkətin təxminən 3,5 milyard dollar investisiya yatırdığı "Specs" artırılmış reallıq eynəkləri layihəsi kimi uzunmüddətli işlərin maliyyə xərclərini sual altına alırlar. İşdən çıxarma xəbərlərindən sonra "Snap" səhmləri çərşənbə günü 8 faiz dəyər qazansa da, şirkətin səhmləri il ərzində hələ də 25 faizdən çox zərərdədir. Şirkət işdən çıxarmalarla bağlı təzminat və digər xərclər üçün ikinci rübdə 95 milyon dollar ilə 130 milyon dollar arasında vəsait ayrılacağını proqnozlaşdırır.

Chosen
19
afn.az

1Sources