EN

Bu ölkələr Rusiyanın hədəfində – NATO ilə toqquşma?

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Finlandiya və Baltikyanı ölkələrlə bağlı son açıqlamaları regionda onsuz da yüksək olan gərginliyi yeni mərhələyə daşıyır. Kreml rəsmisi Finlandiya və Baltikyanı ölkələrin hava məkanının Ukrayna pilotsuz uçuş aparatları üçün istifadə olunduğunu iddia edib. Bu isə faktiki olaraq adları çəkilən dövlətləri dolayı şəkildə münaqişənin tərəfinə çevirmək cəhdi kimi qəbul olunur.

Bu azmış kimi, Şoyqu BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edib. Bu isə o anlama gəlir ki, Moskva potensial cavab addımlarını hüquqi müstəviyə daşımaq və mümkün zərbələri “özünümüdafiə” çərçivəsində əsaslandırmaq niyyətindədir. Belə olan halda Finlandiya, eləcə də Baltikyanı ölkələr – Estoniya, Latviya və Litva birbaşa risk zonasına daxil olur.

Məsələnin ən təhlükəli tərəfi isə ondan ibarətdir ki, bu tip bəyanatlar gələcəkdə yeni hərbi eskalasiya üçün informasiya zəmini formalaşdırır. Yəni, Rusiya əvvəlcədən “təhdid narrativi” quraraq istənilən addımını legitimləşdirməyə çalışır.

Rusiya doğrudanmı hədələyir, yoxsa bu bəyanatlar daha geniş strateji planın tərkib hissəsidir? Kreml bu ölkələrə qarşı zərbə endirmək planı qurur, yoxsa məqsəd NATO-nu daha geniş qarşıdurmaya çəkməkdir?

Səxavət

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a dedi ki, Sergey Şoyqunun Finlandiya və Baltikyanı ölkələri hədəf alan son bəyanatları, regionun təhlükəsizlik arxitekturasında "boz zonadan" "qırmızı zonaya" keçid cəhdidir:

“Moskvanın BMT Nizamnaməsinin 51-ci maddəsini (fərdi və ya kollektiv özünümüdafiə hüququ) dövriyyəyə soxması, prosesin artıq diplomatik çəkişmə mərhələsini keçdiyini göstərir. Rusiyanın Ukrayna dronlarının guya Finlandiya və ya Baltikyanı ölkələrdən qalxdığına dair iddiaları təsadüfi deyil. Bu, beynəlxalq hüquqda "preventiv zərbə" anlayışını legitimləşdirmək cəhdidir.

Məsələ ondadır ki, Finlandiya və Baltikyanı ölkələr öz ərazilərindən Ukrayna dronlarının Rusiyaya hücum üçün keçid verməkləri ilə bağlı iddiaları təkzib edir. Ukrayna tərəfi isə qeyd edir ki, dronların Baltikyanı və Finlandiya ərazisinə keçməsinin səbəbi Rusiyanın dronlara qarşı radioelektron mübarizə vasitələridir. Çünki bu vasitələr dronların istiqamətini dəyişə bilər. Məsələ ondadır ki, Rusiya tərəfi də bunu qəbul etmir. Rusiya səbəbə yox, nəticəyə baxır. Rusiyanın bəyanatlarına gəldikdə isə əgər Moskva bu ölkələrin ərazisindəki hər hansı infrastrukturu (hava limanı, anbar və s.) hədəf alarsa, bunu "təcavüzə cavab" kimi qələmə vermək üçün indidən "faktoloji bazanı" (narrativi) qurur”.

Hərbi ekspert onu da diqqətə çatdırdı ki, Kremlin bu hədələri həm də NATO-nun birliyini sınağa çəkir. Çünki Finlandiya və Baltikyanı ölkələr alyansın ən həssas cinahlarıdır: “Moskva bu bəyanatlarla iki strateji hədəf güdür: birincisi, psixoloji təzyiq. İkincisi isə NATO-nu diqqəti və hərbi resursları Ukraynadan çəkib Şimal cinahına yönəltməyə məcbur etmək. Hazırkı mərhələdə Rusiyanın Finlandiya və ya NATO üzvü olan Baltikyanı ölkələrə birbaşa konvensional (açıq) hərbi zərbə endirməsi az ehtimal olunur, çünki bu, NATO-nun 5-ci maddəsinin işə düşməsi və nüvə müharibəsi riski deməkdir. Ancaq GPS siqnallarının kəsilməsi, kiberhücumlar və ya "mənşəyi naməlum" dron insidentləri arta bilər.

Rusiyanın məqsədi, sadəcə, hədələmək deyil, həm də "Münaqişənin coğrafiyasını genişləndirmə ehtimalı" kartından istifadə edərək Qərbi masaya (öz şərtləri ilə) oturtmağa çalışmaqdır. Ancaq Finlandiya və Baltikyanı ölkələrin bu iddiaları qətiyyətlə rədd etməsi və NATO-nun regiondakı hərbi mövcudluğunu artırması, Kremlin bu "hüquqi-hərbi" manevrinin əks-effekt verə biləcəyini göstərir. Qeyd edim ki, bu tip bəyanatlar regionu daha da hərbiləşdirir və təsadüfi bir insidentin böyük müharibəyə çevrilmə riskini kritik səviyyəyə qaldırır”.

Cavanşir ABBASLI,
Musavat.com

Chosen
19
musavat.com

1Sources