EN

Bakı–Supsa Qərb İxrac Boru Kəməri ilə 738 milyon barel neft nəql edilib

Bakı–Supsa Qərb İxrac Boru Kəməri fəaliyyətə başladığı gündən 1 aprel 2026-cı il tarixinədək ümumilikdə 738 milyon barel neft nəql edilərək dünya bazarına çıxışı təmin edilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin məlumatına görə, 17 aprel 1999-cu il tarixində istismar müddətinə başlayan bu kəmər,Azərbaycanın müasir enerji strategiyasının mühüm tərkib hissəsi olmaqla yanaşı, respublika neftinin Qara dəniz vasitəsilə dünya bazarlarına çatdırılmasını təmin edən ilk mühüm marşrutdur.

Gündəlik ötürmə qabiliyyəti təxminən 146 min barel olan bu boru kəməri “Əsrin müqaviləsi”ndən sonra reallaşdırılan ilk beynəlxalq ixrac layihələrindən biri kimi Azərbaycan neftinin ilk dəfə Qərb istiqamətində ixracına zəmin yaradıb.

Səngəçal terminalından başlayaraq Gürcüstanın Supsa limanına qədər uzanan 829 kilometrlik infrastruktur regionda enerji əməkdaşlığının təməllərini qoyan və sonrakı dövrlərdə həyata keçirilən irimiqyaslı tranzit layihələri üçün mühüm platforma rolunu oynayıb.

Chosen
8
vergiler.az

1Sources