EN

“Evsiz klub” sindromu: “İmişli” Azərbaycan futbolunun aynasına çevrildi

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan futbolunda problemlər çoxdur, amma bəzi klublar var ki, bu problemləri sadəcə göstərmir – onları daha da dərinləşdirir. Bu mənada "İmişli" artıq ayrı bir simvola çevrilmək üzrədir.Cari mövsümün əvvəlində kluba bir il möhlət verildi. Şərtlər də kifayət qədər aydın idi: aşağı yaş qrupları formalaşdırılmalı, infrastruktur qurulmalı, ən əsası isə klubun öz stadionu olmalı idi. Amma nəticə? Formal yanaşma, yola verilmiş bir il və yerində sayan vəziyyət. Bu, sadəcə gecikmə deyil – bu, açıq şəkildə öhdəliklərin yerinə yetirilməməsidir."İmişli"nin ev oyunlarını əvvəl Qubada keçirməsi artıq absurd vəziyyət idi. İndi isə növbəti mövsüm üçün Ağsu variantı gündəmdədir. Bu artıq müvəqqəti həll də deyil – bu, plansızlığın və məsuliyyətsizliyin davamlı hal almasıdır. Bir klubun "ev" anlayışı bu qədər qeyri-müəyyən ola bilməz. Azarkeş harada komandasını dəstəkləməlidir? Klub hansı regionu təmsil edir? Bu səbəbdən "pələnglər" yenidən birinci Liqaya göndərilməlidir.Problem təkcə "İmişli" ilə bitmir, amma məhz bu klub üzərindən sistemin boşluqları daha açıq görünür. I Liqada çıxış edən "Mingəçevir" Premyer Liqaya iddialıdır, amma stadionu acınacaqlı vəziyyətdədir. Liqanın liderlərindən olan "Şəfa" isə, böyük ehtimalla, elitaya vəsiqə qazanacağı halda rəqiblərini Sumqayıtda qəbul edəcək. Yəni ortaq mənzərə dəyişmir: komanda var, amma baza yoxdur. Məhz buna görə, bu komandaların elitaya yüksəlmək yönündə qarşısına "stop" qoyulmalıdır. Bunun qarşısı vaxtında alınmasa, xoşagəlməz tendesiya davam edəcək. Burada əsas sual yaranır: bu klublara lisenziyanı kim və necə verir? AFFA və xüsusilə qurumun Lisenziya və Qeydiyyat Departamenti bu müraciətləri hansı meyarlarla dəyərləndirir? Kağız üzərində plan təqdim etmək kifayətdirsə, onda real tələblərin nə mənası qalır?Rövşən Nəcəf AFFA-nın son Hesabat Konfransında Premyer Liqada komanda sayının artırılmasının gündəmdə olduğunu bildirdi. Amma sual çox sadədir: keyfiyyət olmadan kəmiyyət nəyə lazımdır? Əgər liqaya "İmişli" kimi infrastruktursuz, plansız klublar gələcəksə, bu artım futbolun inkişafına yox, geriləməsinə xidmət edəcək.Əslində, problem idman nəticələrindən əvvəl başlayır. Əsasnamədə açıq və sərt şəkildə qeyd olunmalıdır ki, infrastruktur – stadion, akademiya, baza – iştirak üçün əsas şərtdir. Yalnız bundan sonra idman prinsipləri işə düşməlidir. Əks halda, biz hər mövsüm eyni mənzərəni izləyəcəyik: "evsiz" klublar, formal lisenziyalar və kağız üzərində qurulan "inkişaf" planları."İmişli" isə bu sistemin ən bariz nümunəsidir – və dəyişiklik məhz bu kimi hallara qarşı sərt mövqe ilə başlamalıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
sport24.az

1Sources