EN

Qəzalı yollarda maşınına ziyan dəyən şəxs nə etməlidir? AÇIQLAMA

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Yağan güclü yağışlardan sonra yollarda çökmə halları artıb. Demək olar ki, hər gün hansısa küçə və ya prospektdə yolun çökməsi ilə bağlı məlumat yayılır. Sosial şəbəkələrdə yayılan bir videoda da görünürdü ki, gecə saatlarında yolda çökmə baş verib, ərazi qaranlıq olduğundan sürücülər bunu vaxtında görməyiblər. Üstəlik, təhlükəli hissədə heç bir xəbərdaredici nişan və ya maneə də qoyulmayıb. Nəticədə həmin yerdən keçən 4 avtomobilin təkəri partlayıb.

Bəs belə hallarda avtomobilinə ziyan dəyən sürücülər nə etməlidir? Onların aidiyyəti qurumlardan şikayət edib dəymiş zərərin qarşılanmasını, kompensasiya tələb etmək hüquqları varmı?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azərbaycan İstehlakçılar Şurasının Sədri, vəkil Roman Qaraşov bildirdi ki, belə hallarda nəqliyyat vasitəsinə zərər dəymiş şəxslərin kompensasiya tələbi ilə çıxış etməsi tam hüquqi əsaslara söykənir:

"Avtomobil yolunun saxlanılması və təhlükəsiz istismarının təmin edilməsi aidiyyəti yol-istismar qurumunun, balanssaxlayıcının və ya yolun mülkiyyətçisinin üzərinə düşən normativ öhdəlikdir və bu öhdəlik yalnız inzibati-təsərrüfat xarakterli fəaliyyətlə məhdudlaşmır; əksinə, həmin subyektlərin yol hərəkəti iştirakçılarının həyat, sağlamlıq və əmlak təhlükəsizliyinin təmininə yönəlmiş daimi nəzarət, monitorinq, preventiv müdaxilə və operativ xəbərdarlıq tədbirləri görməsini ehtiva edir. Yol örtüyündə çökmə, deformasiya, çuxur və ya digər təhlükə mənbəyi yaradan qüsur mövcud olduğu halda, xüsusilə gecə saatlarında, həmin sahənin müvafiq yol nişanları, işıqlandırıcı siqnallar, məhdudlaşdırıcı vasitələr və mühafizə elementləri ilə işarələnməməsi hüquqi baxımdan açıq-aşkar hüquqazidd hərəkətsizlik, xidmət vəzifəsinin lazımınca icra edilməməsi və təhlükəsizlik standartlarının kobud pozuntusu kimi tövsif oluna bilər. Belə vəziyyətdə nəqliyyat vasitəsinə dəymiş zərər delikt öhdəliyi yaradır və əgər zərər ilə aidiyyəti qurumun səhlənkar davranışı arasında adekvat səbəbli əlaqə müəyyən edilirsə, zərərçəkmiş şəxsin maddi ziyanın, o cümlədən təmir xərclərinin, ehtiyat hissələrinin dəyərinin, evakuasiya məsrəflərinin və digər faktiki xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranır".

Onun sözlərinə görə, hüquqi müdafiə mexanizmi baxımından zərərçəkmiş şəxs ilk növbədə sübutetmə predmetinə daxil olan halları operativ qaydada rəsmiləşdirməlidir:

"Hadisə yerinin foto-video fiksasiyası aparılmalı, Dövlət Yol Polisi tərəfindən baxış keçirilməli, hadisənin başvermə şəraiti, yol örtüyünün qüsurlu vəziyyəti, xəbərdaredici nişan və texniki tənzimləmə vasitələrinin olmaması prosessual qaydada sənədləşdirilməli, nəqliyyat vasitəsinə dəymiş zərərin həcmi isə ekspert rəyi, servis arayışı, qüsur aktı, təmir kalkulyasiyası və ödənişi təsdiq edən maliyyə sənədləri ilə təsbit edilməlidir. Bundan sonra məsul subyektə qarşı pretenziya qaydasında tələb irəli sürülməsi, tələb təmin olunmadıqda isə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq zərərin əvəzinin tutulması barədə iddia ərizəsi ilə çıxış edilməsi hüquqi cəhətdən məqsədəuyğundur. Burada mübahisənin mərkəzi hüquqi elementi ondan ibarətdir ki, sübut yükü zərərin mövcudluğunu, hüquqazidd davranışı, təqsiri və səbəbli əlaqəni təsdiqləməyə yönəlir; əgər eyni yol sahəsində ardıcıl olaraq bir neçə avtomobil zərər çəkmiş, ərazi əvvəlcədən nişanlanmamış və yol hərəkəti iştirakçıları üçün vizual xəbərdarlıq infrastrukturu yaradılmamışdırsa, bu hallar iddiaçının hüquqi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirən, kompensasiya tələbinin əsaslılığını möhkəmləndirən mübahisəsiz faktiki hal kimi çıxış edir".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
redaktor.az

2Sources