ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Vaşinqton və Ankara arasındakı ən gərgin mövzulardan biri olan S-400 və F-35 böhranı ilə bağlı dünya gündəmini silkələyən bəyanatlar verib.
Musavat.com xəbər verir ki, səfir həm Türkiyənin F-35 proqramına qayıtması, həm də Rusiya hava hücumundan müdafiə sistemləri ilə bağlı problemin yaxın zamanlarda öz həllini tapacağını elan edib.
Tom Barrak çıxışında vurğulayıb ki, Türkiyə NATO-nun ikinci ən böyük ordusuna sahib olan nəhəng bir qüvvədir və Avropanın müdafiəsi üçün etdiyi işlər inanılmazdır.
Səfir etiraf edib ki, Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar, o cümlədən F-35 proqramından çıxarılması effektiv olmayıb, çünki sanksiyaya məruz qalan ölkələr daha "ağıllı və ixtiraçı" yollar taparaq bu məhdudiyyətləri aşmağı bacarırlar. Diplomatın sözlərinə görə, Prezident Donald Tramp və Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı birbaşa dialoq sayəsində artıq "Halkbank" məsələsi yoluna qoyulub, F-16 qırıcıları ilə bağlı danışıqlar bərpa edilib və alyans daxilində münasibətlər yenidən qurulur. Barrak xüsusi olaraq qeyd edib ki, onun rəhbərinin (Trampın) baxış bucağına görə, Türkiyənin F-35 proqramına qayıtması tamamilə normaldır, çünki analoji vəziyyət Yunanıstanda da mövcuddur; belə ki, Afinada həm Rusiyanın S-300 sistemləri, həm də Amerikanın F-35 qırıcıları var. Səfir S-400 düyününün tezliklə açılacağını bildirərək, bu tarixi gərginliyin sona çatacağına dair ən ciddi siqnalı verib.
Musavat.com