EN

Hörmüzdə blokada yarıldı: Pakistan tankeri ABŞ esminsetlərinin yanından keçməyi bacardı

ABŞ-ın elan etdiyi rəsmi dəniz blokadasından sonra dünya birjalarının və hərbi ekspertlərin diqqətlə izlədiyi Hörmüz boğazında tarixi hadisə baş verib.

Musavat.com xəbər verir ki, "MarineTraffic" gəmi izləmə sisteminin məlumatlarına görə, Pakistan bayrağı altında üzən "Shalamar" tankeri blokada tətbiq olunandan bəri boğazı yükü ilə birlikdə tərk edən ilk neft daşıyan gəmi kimi qeydə alınıb.

Pakistanın "Shalamar" tankeri cümə axşamı gecə saatlarında Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təxminən 450 min barel xam neft yüklədikdən sonra Hörmüz boğazını keçərək Oman körfəzinə daxil olub. Bu, ABŞ raket esminsetlərinin ərazidə tam nəzarəti ələ almasından bəri reallaşan ilk uğurlu manevrdir.

Blokada niyə Pakistan gəmisini saxlamadı? Analitiklər hesab edirlər ki, Pakistanın həm Vaşinqton, həm də Tehranla sülh danışıqlarında vasitəçilik etməsi bu keçidə "yaşıl işıq" yandırılmasında həlledici rol oynayıb. ABŞ-ın İrana yönəlmiş blokadasının ilk növbədə rəsmi Tehranın iqtisadiyyatını boğmaq məqsədi daşıdığı, qonşu və müttəfiq ölkələrin (BƏƏ, Səudiyyə Ərəbistanı və s.) ticarətinə isə müəyyən istisnalar tanıdığı ehtimal edilir.

"Shalamar"ın yolu açıqdır: Gəmi hazırda açıq dənizdə hərəkətini davam etdirir. Bu keçid, blokadanın dəniz ticarətini tamamilə iflic edəcəyindən qorxan beynəlxalq neft bazarları üçün bir növ nəfəslik rolunu oynayıb.

 Pakistan bayraqlı gəminin bu addımı həm də İslamabadın regiondakı diplomatik nüfuzunun və danışıqlardakı mühüm rolunun göstəricisi kimi qiymətləndirilir. Bununla belə, CENTCOM-un digər ölkələrə məxsus gəmilərə qarşı eyni dözümlülüyü göstərib-göstərməyəcəyi hələ də sual altındadır.

İslamabadda davam edən sülh marafonu fonunda bu "dəniz presedenti" gərginliyin qismən də olsa idarə oluna biləcəyinə dair ümidləri artırıb. Lakin Möhsün Rezainin "gəmiləri batıracağıq" hədəsindən sonra Hörmüz boğazındakı bu hərəkətliliyin hərbi toqquşmaya çevrilmə ehtimalı hələ də qalmaqdadır.

Musavat.com

Chosen
7
musavat.com

1Sources