EN

Deputat Jalə Əliyeva: Dəmir yolu infrastrukturunun inkişafı vətəndaşların rifahına xidmət edir

Kürdəmir, 17 aprel, AZƏRTAC

Pandemiyadan sonrakı dövrdə Azərbaycanda nəqliyyat sektorunun, xüsusilə dəmir yolu infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən layihələr ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva Kürdəmir dəmiryolu stansiyasına təşkil olunan mediaturda bildirib.

Deputat qeyd edib ki, son illərdə həyata keçirilən layihələr nəticəsində həm paytaxtda, həm də regionlarda vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün geniş imkanlar yaradılıb. Onun sözlərinə görə, Kürdəmir dəmir yolu stansiyasının vətəndaşların xidmətinə verilməsi əvvəlki dövrlərdə əsası qoyulmuş nəqliyyat siyasətinin ardıcıl davamıdır.

“Regionlarda yaşayan vətəndaşların nəqliyyat əlçatanlığının artırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu məqsədlə dəmir yolu xətlərinin yenilənməsi, yeni marşrutların açılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görülür. Vətəndaşların müraciət və təklifləri nəzərə alınaraq xidmətlər daha da təkmilləşdirilir. Görülən işlər yalnız yerli əhalinin deyil, həm də Azərbaycana gələn xarici qonaqların rahatlığını təmin etməyə hesablanıb. Xüsusilə beynəlxalq tədbirlər zamanı nəqliyyat sisteminin səmərəli fəaliyyəti ölkənin imicinə müsbət təsir göstərir. Sosial yönümlü siyasət çərçivəsində müəyyən kateqoriyadan olan vətəndaşlar üçün güzəştlərin tətbiqi də mühüm əhəmiyyət daşıyır. Bu addımlar əhalinin rifahının yüksəldilməsinə və nəqliyyat xidmətlərindən daha əlçatan istifadə olunmasına şərait yaradır”, – deyə Jalə Əliyeva bildirib.

Deputat vurğulayıb ki, dəmir yolu infrastrukturunun inkişafı ilə bağlı layihələr bundan sonra da davam etdiriləcək və ölkənin iqtisadi potensialının gücləndirilməsinə, eləcə də vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə verəcək.

Müxbir - Vüqar Qurbanoğlu
Fotoqraf-Operator - Namiq Abdullayev
Chosen
22
1
azertag.az

2Sources