EN

“TotalEnergies”in həmkarlar ittifaqı yanacaqdoldurma məntəqələri işçilərini etiraz aksiyasına çağırıb

Paris, 17 aprel, AZƏRTAC

Fransada təxminən 200 yanacaqdoldurma məntəqəsini idarə edən “TotalEnergies”nin “Argedis” filialının CGT həmkarlar ittifaqı yanacaq qiymətlərinin artmasına etiraz olaraq, işçiləri tətilə çıxmağa çağırıb.

AZƏRTAC xəbər verir ki, həmkarlar ittifaqı işçilərə yanacaq ödənişində dəstək tələb edir.

CGT nümayəndəsi Camila AFP-yə bildirib ki, ölkədə yanacaq çox bahalaşıb.

““Total”dan yardım istədik, lakin rədd cavabı aldıq. Danışıqlar nəticəsiz qaldı, buna görə sabah tətil edirik”, - deyə CGT nümayəndəsi vurğulayıb.

Şirkət rəhbərliyi işçilərin evdən işə gedib-gəlmələrini əsas gətirərək 15–40 avro arasında yanacaq bonusu təklif edib, lakin həmkarlar ittifaqı bu miqdarı "çörək qırıntısı" adlandırıb və məntəqələrin bloklanmasını tələb edib.

Yanacaq qiymətlərinin artması və “TotalEnergies”nin qiymətləri məhdudlaşdırması səbəbindən sürücülərin məntəqələrə axını işçilər üçün əlavə iş yükü yaradıb. CGT işçilərin 80 faizinin aylıq yanacaq xərclərinin 400 avroya çatdığını bildirərək, bu vəziyyəti maliyyə baxımından dözülməz adlandırıb.

Qeyd edək ki, "TotalEnergies” Fransa üzrə təxminən 3300 yanacaqdoldurma məntəqəsinə malikdir.

Chosen
13
azertag.az

1Sources