EN

Peter Macar Orbanı Fikonun qələbəsi üçün miqrantları Slovakiyaya göndərməkdə günahlandırıb

Macarıstanın yeni seçilmiş baş naziri Peter Macar hazırkı baş nazir Viktor Orban ilə Slovakiyanın hökumət başçısı Robert Fiko arasında miqrasiya mövzusu ilə bağlı mümkün "gizli razılaşma" olduğunu bildirib...

Poliqon xəbər verir ki, bu barədə Slovakiyanın Aktuality nəşri məlumat yayıb.

Macarın sözlərinə görə, Macarıstan hakimiyyəti miqrantları qəsdən Slovakiya sərhədinə yönləndirərək qonşu ölkədə daxili siyasi vəziyyətə təsir göstərməyə çalışmış ola bilər. O iddia edir ki, bu addımlar seçkiqabağı dövrdə Fikonun maraqları naminə atılıb.

Bu bəyanatlar onun Avropa liderləri və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə görüşü zamanı səsləndirilib. Macar vurğulayıb ki, onun siyasi qüvvəsi belə üsullardan istifadə etməyi planlaşdırmır və daha sərt, lakin şəffaf miqrasiya siyasətinin tərəfdarıdır.

Macarın açıqlamalarına Slovakiya müxalifəti də reaksiya verib. Bəzi siyasətçilər Orbanı hakimiyyətdən sui-istifadədə və miqrasiya məsələsindən siyasi məqsədlər üçün yararlanmaqda ittiham ediblər. Eyni zamanda, bəzi siyasi qüvvələr hüquq-mühafizə orqanlarına müraciət ehtimalını da istisna etmir.

Bununla belə, rəsmi qurumlar hələlik bu ittihamları təsdiqləməyib. Slovakiyanın Daxili İşlər Nazirliyi də məsələyə münasibət bildirib, lakin yekun nəticə və ya rəsmi təsdiq hələ açıqlanmayıb.

Xatırladaq ki, 12 aprel tarixində Peter Macar Viktor Orban üzərində qələbə qazanaraq baş nazir postunu əldə edib. Bununla belə, Ukrayna rəsmiləri iki ölkə arasında münasibətlərin yaxınlaşacağı ilə bağlı nikbin deyil. Bundan əvvəl Avropa İttifaqı Macarıstana ayrılması nəzərdə tutulan 35 milyard avro məbləğində subsidiyaların açılması üçün Peter Macarın qarşısında 27 şərt irəli sürmüşdü.

Poliqon.info

Chosen
16
poliqon.info

1Sources