EN

WP: Qəzəbli Putin bu yaz Avropaya hücum etməyə hazırdır

Rusiya prezidenti Vladimir Putin yaxın aylarda özünü çıxılmaz vəziyyətdə hiss edə və bu səbəbdən Avropaya qarşı yeni hərbi addım atmaq riskinə gedə bilər...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzetinin icmalçısı yazır.

Məqalədə qeyd olunur ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları dalana dirənib, ölkə iqtisadiyyatı zəif vəziyyətdədir və həlledici qələbə ehtimalı demək olar ki, yoxdur. Bu fonda Putin Avropaya qarşı hücum üçün uyğun məqamın məhz indi olduğunu düşünə bilər.

İcmalçıya görə, belə qərar bir neçə amillə bağlı ola bilər: Avropa ölkələri hələ tam silahlanmayıb, Ukrayna Rusiyanın dərinliklərini vura biləcək yeni silahlar hazırlayır və ABŞ-da NATO-ya tənqidi yanaşan Donald Tramp hakimiyyətdədir.

ABŞ-ın milli kəşfiyyatının Rusiyadakı keçmiş əməkdaşı Yucin Rumer bildirib: "Ukraynaya müdaxiləni qərb sərhədlərinin təhlükəsizliyi adı ilə əsaslandıran Rusiya, müharibədən əvvəlkindən daha az qorunan, daha qəzəbli və Avropa üçün daha təhlükəli vəziyyətdə çıxa bilər".

Ekspertlər qeyd edirlər ki, Putin riskə meyilli siyasətçidir və o, NATO-ya meydan oxumaq üçün fürsət pəncərəsinin bağlandığını düşünə bilər.

Rumer əlavə edib ki, Kreml Baltik regionunda mümkün hücum vasitəsilə NATO-nun 5-ci maddəsinin effektivliyini sınağa çəkməyə cəhd göstərə bilər.

Məqalədə vurğulanır ki, Donald Trampın NATO-ya qarşı sərt ritorikası Avropada ABŞ-ın təhlükəsizlik zəmanətlərinə olan inamı zəiflədir. İcmalçı Devid İqnatiusun fikrincə, Tramp üçün ən ciddi xarici siyasət səhvlərindən biri NATO müttəfiqlərini Rusiyanın açıq təhdidi qarşısında tək qoymaq ola bilər. Bu isə Avropanın müdafiə qabiliyyəti tam formalaşmadan əvvəl transatlantik parçalanmaya səbəb ola bilər. Onun sözlərinə görə, belə vəziyyət Putinə öz geosiyasi ambisiyalarını həyata keçirmək üçün əlavə imkan yarada bilər.

Poliqon.info

Chosen
17
poliqon.info

1Sources