EN

Tolik: Nə böyük şey olub? Nazir qutab yeyib… - VİDEO

Türkiyənin Kahramanmaraş şəhərindəki məktəbdə silahlı insident törədən 14 yaşlı İsa Aras Mersinlinin əməlindən təsirlənən prodüser Əliyev Tarix blogerləri sərt tənqid edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

O, sarsıldığını bildirib: “Açığı, bu videonu çəkib-çəkməmək barədə bir qədər düşündüm. Sonra özümə dedim ki, övladım hələ bir yaşındadır, amma nə vaxtsa o da məktəbə gedəcək. Ümid edirəm ki, həmin vaxta qədər təkcə Azərbaycanda yox, bütün dünyada təhsil sistemində ciddi və müsbət dəyişikliklər baş verər.

Kahramanmaraşda baş verən faciə məni neçə gündür çox düşündürür. Hadisəni araşdırdıqca insan daha çox sarsılır. Atası polis rəisi, anası müəllim olan bir uşaq cinayətkar oldu, özü də öldü, özündən sonra isə 17 can apardı. Bu, həqiqətən də böyük faciədir.

Amma məni narahat edən təkcə bu hadisə deyil. Azərbaycanda bəzi blogerlərin, influenserlərin və tanınmış şəxslərin bu qədər ağır bir mövzu ilə bağlı susması da düşündürücüdür. Saytlara baxıram, yenə boş və mənasız xəbərlər. Guya gündəm hansısa türk fenomeninin qarğıdalı sata-sata məşhurlaşması, ya da elm və təhsil nazirinin tələbələrin hazırladığı qutabı yeməsi böyük hadisədir. Sanki təhsildəki real problemləri görmürük, amma nazirin qutab yeməyini əsas mövzuya çeviririk. Nə böyük şey olub? Nazir qutab yeyib…

Halbuki məktəblərdə müəllim-şagird münasibətlərində kifayət qədər problem var. Elə müəllimlər var ki, ad günlərində özlərinə bahalı hədiyyələr sifariş etdirirlər. Valideyn qruplarında bir neçə yaltaq adam ortaya düşür, imkanı olmayan ailələri də məcbur vəziyyətdə qoyurlar. Nəticədə bəzi uşaqlar evdə valideynlərinə yalvarmalı olur ki, müəllim üçün pul yığılıb, hədiyyə alınmalıdır. 30-50 manat yığılır, müəllimə bahalı saat, ətir, qızıl və başqa hədiyyələr alınır.

Belə müəllimlər Kahramanmaraşda uşaqları qorumaq üçün özünü sipər edən müəlliməyə baxsınlar. O qadın uşaqları xilas etmək üçün canından keçdi. Amma bizdə bəzi müəllimlər olsa, yəqin ki, ilk növbədə özlərini xilas etməyə çalışardılar”.

Prodüser bloger və influenserləri də hədəf alaraq, onların vacib ictimai məsələlərdə susmasını sərt tənqid edib:

“Buradan blogerlərə və influenserlərə də sözüm var. Biz sizin bahalı həyatınızı, dəbdəbəli ad günlərinizi, göstəriş üçün çəkilən videolarınızı çox görmüşük. Bəzən də müəyyən qurumlara xoş gəlmək üçün necə davranıldığını görürük. Amma niyə siz də valideyn kimi çıxıb belə mövzularda danışmırsınız?! Niyə uşaqlar arasında yayılan təhlükəli oyunlarla, zorakılığa meyllə, qəhrəman olmaq adı ilə qisas hissinin formalaşması ilə bağlı maarifləndirici paylaşımlar etmirsiniz?

Bu gün sosial şəbəkələrdə əsas məqsəd sanki izləyici toplamaqdır. Kimi “iPhone 17” hədiyyə edir, kimi pul mükafatı qoyur, kimi də müxtəlif yollarla izləyici sayını artırmağa çalışır. Elə həkimlər var ki, yüz minlərlə izləyicisi görünür, amma ortada ciddi fəaliyyəti yoxdur. Bəs nə vaxt bu tanınmış adamlar sosial məsuliyyət hiss edib belə vacib mövzularda danışacaqlar?!

Sabah Azərbaycanda da diqqət, sevgi və qayğı görməyən hansısa bir uşaq özünü “qəhrəman” kimi göstərmək üçün təhlükəli addım ata bilər. Biz bunu görməzlikdən gələ bilmərik. Məşhurlar arasında da vaxtilə ağır hadisələr yaşamış, ehtiyatsızlıq və ya başqa səbəbdən faciə törətmiş insanlar olub. Bəs niyə bu məsələlərdən danışılmır?

Bu gün hamı sosial şəbəkələrdə nazirin qutab yeməyini müzakirə edir. Kaş ki, uşaqlarımızın hansısa ixtirasından danışaydıq. Kaş ki, onların yaratdığı faydalı bir yenilik gündəm olaydı. Necə ki, başqa yerlərdə uşaqlar sadə vasitələrlə maraqlı ixtiralar edir, raket düzəldib havaya buraxırlar. Amma bizdə yenə əsas mövzu qutab yemək olur.

Məktəblərdəki özbaşınalıqlar, problemlər, psixoloji gərginlik, zorakılıq halları isə kölgədə qalır. Şəhərin mərkəzində bir qız özünü binadan atıb həyatına son verdi. Bu hadisə necə tez yaddan çıxdı? Həmin qız haqqında nə qədər ağır, əsassız sözlər deyildi, nə qədər ittihamlar səsləndi. Bu ölkədə ən asan şey ölənin arxasınca danışmaqdır. Amma heç kim soruşmur ki, onu bu həddə gətirən nə idi? Niyə bu problemlərin kökü barədə danışmırıq? Əsas sual budur”.

 

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Chosen
27
yenisabah.az

1Sources