İranın Ankaradakı səfirliyi ABŞ müdafiə nazirinin “Pulp Fiction” filmindən sitatı bibliya duası kimi təqdim etməsini istehza ilə şərh edib...
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi və digər media mənbələri məlumat yayıb.
İranın Türkiyədəki səfirliyi aprelin 18-də ABŞ müdafiə naziri Pit Heqseti Pentaqonda dua zamanı yol verdiyi səhvə görə açıq şəkildə məsxərəyə qoyub. Diplomatik missiya bununla bağlı paylaşımı X sosial şəbəkəsindəki rəsmi səhifəsində yayımlayıb.
Məlumata görə, Pit Heqset bir gün əvvəl İranda amerikalı pilotların xilasetmə əməliyyatından danışarkən məşhur “Pulp Fiction” filmində səslənən monoloqdan sitat gətirib. Mübahisə yaradan məqam isə onun bu bədii mətn parçasını bibliya duası kimi təqdim etməsi olub. Bu addım həm siyasi, həm də ictimai müstəvidə istehza və tənqid dalğasına səbəb olub.
İran səfirliyi paylaşımında bildirib ki, Pit Heqsetin tam şəkildə Semyuel L. Ceksona çevrilməməsinə şükür etmək lazımdır. Diplomatik missiya əlavə edib ki, hazırda Pentaqon hərbi strategiya mərkəzindən daha çox film icmalçısını xatırladır. Bununla Tehran Vaşinqtonun rəsmi çıxışlarında ciddi hərbi-siyasi ritorika ilə pop-mədəniyyət elementlərinin qarışmasını hədəfə alıb.
Bu hadisə ABŞ müdafiə rəhbərliyinin ictimai çıxışlarının dili və məzmunu ilə bağlı yeni müzakirələr doğurub. Xüsusilə hərbi əməliyyatlar, dini ritorika və simvolik ifadələrin bir araya gətirilməsi Vaşinqtonun rəsmi mesajlarının ciddiliyi barədə suallar yaradıb. İran tərəfinin sərt və ironik reaksiyası isə informasiya müstəvisində gedən qarşıdurmanın da nə qədər kəskinləşdiyini göstərir.
Müşahidəçilər hesab edirlər ki, belə epizodlar yalnız diplomatik polemika kimi qalmır, eyni zamanda ABŞ-İran münasibətlərində psixoloji və informasiya savaşı elementlərinin daha da gücləndiyini ortaya qoyur. Bu baxımdan, Heqsetin çıxışı ətrafında yaranan qalmaqal təkcə bir nitq səhvi deyil, həm də iki ölkə arasında narrativ mübarizənin növbəti nümunəsi kimi qiymətləndirilə bilər.
Poliqon.info