EN

Dombra çalan idi, şansı gətirdi, qəhrəman oldu, 75 orden aldı – Tereşkova 60 ildir deputatdır

60 il öncə Valentina Tereşkova SSRİ Ali Sovetinin deputatı seçiləndə 4-5 yaşı olan kiçik uşaqlar hazırda ard-arda təqaüdə çıxırlar, amma dünyanın ilk qadın kosmonavtı yenidən deputat seçilmək istəyir.

Dünən bu barədə yayılan xəbərə görə, istefada olan general-leytenant V.Tereşkova yenə də doğma şəhəri Yaroslavldan namizədliyini verəcək.

V.Tereşkova 6 mart 1937-ci ildə Yaroslavl vilayətində anadan olub. Atası Vladimir Tereşkov (1912–1940) 1939-cu ildə qırmızı ordu sıralarına çağırılıb və sovet-fin müharibəsində həlak olub.

Valentina 1945-ci ildə Yaroslavl şəhərindəki 32 nömrəli orta məktəbə (hazırda məktəb onun adını daşıyır) daxil olub,1953-cü ildə yeddinci sinfi bitirib.

gencter.jpg

1954-cü ildə Yaroslavlda təkər zavodunda yığma və vulkanizasiya sexində işə girib, eyni zamanda, 1954-cü ildən 1955-ci ilə qədər Yaroslavl 10 nömrəli məktəbdə axşam bölməsində təhsilini davam etdirib.

1955-ci ildən 1960-cı ilə qədər Yaroslavlda yüngül sənaye texnikimunda pambıq əyirmə ixtisası üzrə təhsil alıb, 1957-ci ildə komsomol sıralarına qoşuldu. komsomol katibi olub, zavodun mədəniyyət mərkəzinin xalq çalğı alətləri orkestrində dombra (domra, dambura, balalayka) çalıb.

1959-cu ildən Yaroslavl Aeroklubunda paraşütlə tullanma ilə məşğul olub, 90 tullanış həyata keçirib və bu, onun gələcək taleyini həll edib.

1961-ci ilin avqustunda, SSRİ-nin ilk uğurlu kosmik uçuşlarından qısa müddət sonra, sovet kosmonavtlarının hazırlanması üzrə rəhbər Nikolay Kamanin kosmosa qadın göndərməyi təklif edib. Raket və kosmik sistemlərin baş dizayneri Sergey Korolyov təklifə soyuqqanlılıqla reaksiya verib. 23 dekabr 1961-ci ildə Sov.İKP MK Rəyasət Heyəti bu ideyanı təsdiqləyib və 60 kosmonavt təcrübəçisinin (o cümlədən qadın kosmonavt qrupu üçün beş nəfərin) işə götürülməsinə icazə verib.

tereş-3.jpg

1962-ci ilin əvvəllərində 30 yaşdan kiçik, 170 sm-ə qədər boyu və 70 kq-a qədər çəkisi olan qadın paraşütçülər kosmonavt qrupu üçün beş nəfər seçilib. Valentina Tereşkova seçilənlər arasında olub.

Kosmonavtlar korpusuna qəbul edildikdən dərhal sonra o digər qadınlarla birlikdə sıravi əsgər kimi hərbi xidmətə çağırılıb.

Qızlar ciddi sınaqlara məruz qalıblar, nəhayət, bu qadınların ən dözümlüsü Valentina Terekova çıxıb.

Nəticədə 26 yaşlı Tereşkova 1963-cü il iyunun 16-da "Vostok 6" kosmik gəmisində kosmosa uçuşa başlayıb. Uçuş təxminən üç gün davam edib və o, 19 iyunda Altay diyarına eniş edib. Tereşkova Yer kürəsinin ətrafında 49 dəfə fırlanıb.

tereş-2.jpg

Yerə qayıtdıqdan sonra Valentina Tereşkovanın yaxasında “Qızl ulduz” medalı taxılıb, Sovet İttifaqı Qəhərmanı adı, “Lenin” ordeni verilib. O vaxtdan bəri V.Tereşkovanın ulduzu hey parlamaqdadır. Bu 63 ildə onun SSRİ\Rusiyada almadığı prestijli orden-medal qalmayıb. Bundan başqa, o, bir çox başqa ölkələrin (Çexoslovakiya, Bolqarıstan, ADR, Polşa, Nepal, İndoneziya, Qana, Əfqanıstan, Monqolustan, Macarıstan, Misir, İordaniya, Suriya, Vyetnam, Çili, Yuqoslaviya, Rumıniya, Peru, Kuba, Efiopiya, Laos və s.) də ən ali orden və medallarına layiq görülüb. Toplam orden-medalları 75-dən çoxdur.

terebrej.JPG

1962-ci ilin mart ayından Sovet İttifaqı Kommunist Partiyasının üzvü olan V.Tereşkova sovet qadınlarının simvoluna çevrilib. 1966-cı ildən 1989-cu ilə qədər SSRİ Ali Sovetinin 7-11-ci çağırış deputatı olub. 1968-ci ildən 1987-ci ilə qədər Sovet Qadınları Komitəsinə rəhbərlik edib. 1971-ci ildən 1990-cı ilə qədər Sov.İKP MK-nin üzvü olub. 1974-cü ildən 1989-cu ilə qədər SSRİ Ali Sovetinin Rəyasət Heyətinin üzvü olub, dövləti idarə edən şəxslərlə rəyasətlərdə yanaşı oturub.

SSRİ dağılandan sonra bir müddət o, “köhnə kommunistlər”dən olduğu üçün ali diqqətdən kənarda qalıb. 2003-cü ildə “Həyat” partiyasının qurultayında federal partiya siyahısında 3-cü olub, amma partiya bloku seçki həddini keçə bilmədiyi üçün o, deputat seçilə bilməyib. Əvəzində 2008-ci ildə bəxt yenidən ilk kosmonavt qadının üzünə gülüb, "Vahid Rusiya" partiyasından Yaroslavl regional Dumasının deputatı seçilib.

V.Tereşkova 2011-ci ildən 2019-cu ilə qədər, 6-cı və 7-ci çağırış Dövlət Dumasının deputatı olub.

teres-put.jpg

Bütün şan-şöhrətinə baxmayaraq, V.Tereşkova 2018-ci ildə pensiya yaşının artırılmasına səs verdiyi üçün rusiyalıların hiddətini qazanıb. Bundan başqa, o, 2020-ci ildə Dövlət Dumasında Rusiya konstitusiyasına dəyişikliklərlə bağlı müzakirələr zamanı prezidentlik müddətlərinin sayına qoyulan məhdudiyyətin aradan qaldırılmasını təklif edib. Başqa sözlə, Putinin ömürlük prezident olmasıni dəstəkləyib.

Tereşkovanın çıxışından sonra siyasi fəallar etiraz piketləri keçiriblər. Ona qarşı təhqiramiz ifadələr səslənib, onu vicdansızlıqda ittiham ediblər. Fəallar onun 1977-ci il SSRİ konstitusiyasını təriflədiyini, Leonid Brejnevə şəxsən yaltaqlandığını yada salıblar. Bir qrup alim, hüquqşünas və jurnalist bir şəxsin president seçilməsi üçün qüvvədə olan say senzinin ləğvi ideyasına qarşı çıxıblar. İlk qadın kosmonavtın bir sıra şəhərlərin fəxri vətəndaşı titullarından məhrum edilməsi üçün petisiyalar yaradılıb.

Təkcə öz ölkəsində yox, xaricdə də onun reputasiyası zədəlidir. 21 iyun 2018-ci ildə Tereşkova Ukraynanın sanksiya siyahısına daxil edilib, çünki o, Ukraynanın ərazi bütövlüyünü və müstəqilliyini təhdid edən hərəkətləri və siyasətləri dəstəkləyib.

2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra V.Tereşkova Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrinin Rusiya Federasiyasına birləşdirilməsinə səs verdiyi üçün Avropa İttifaqının sanksiya siyahısına əlavə edilib. Sonradan İsveçrə və Yeni Zelandiya da oxşar səbəblərdən onun adını öz sanksiya siyahılarına salıblar.

xrusqoto.jpg

V.Tereşkovanın ilk əri (1963-1982) kosmonavt Andrian Nikolayev (1929-2004) olub. Onlar 1963-cü ildə evləniblər. Toyda SSRİ rəhbəri Nikita Xruşov şəxsən iştirak edib. Daha sonra o, pilot Andrey Rodionovla ailə qurub.

Gələn il Valentina Tereşkovanın 90 yaşı tamam olacaq, ancaq o, hələ də seçilmişlərdən olmaq istəyir. O, Rusiya miqyasında bioloji uzunömürlülüyün rekordunu tam qırmasa da, siyasi uzunömürlülüyn rekordunu artıq qırıb: 60 ildən çoxdur ki, Kremldədir, Xruşovdan başlayaraq, 8 rəhbərlə (Xruşov, Brejnev, Andropov, Çernenko, Qorbaçov, Yeltsin, Putin, Medvedyev, yenə Putin) işləyib və işləmək əzmindədir.

Araz Altaylı, Musavat.com

Chosen
31
musavat.com

1Sources