Bakı, 16 aprel, AZƏRTAC
“Global Times” nəşri XIII Qlobal Bakı Forumunun nəticələrinə dair analitik material dərc edib.
AZƏRTAC xəbər verir ki, məqalədə Yaxın Şərqdəki münaqişələr və Rusiya-Ukrayna müharibəsi səbəbindən artan qlobal gərginliyə baxmayaraq, Bakı Forumunun yüksək səviyyəli beynəlxalq iştirakçı sayı nümayiş etdirdiyi qeyd olunur.
Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən tədbir 200-ə yaxın dövlət və hökumət başçısını, diplomatı və nüfuzlu eksperti bir araya gətirərək, regional eskalasiya riskləri fonunda öz aktuallığını bir daha sübut edib.
Materialın müəllifi, Çin və Qloballaşma Mərkəzinin (CCG) baş katibi Meybl Myao Lu bildirib ki, Bakının geosiyasi qırılma xətlərinə yaxın yerləşməsi əvvəlcə iştirakçı sayı ilə bağlı bəzi pessimist proqnozlar yaratsa da, faktiki iştirak gözlənilməz dərəcədə yüksək olub. Tədbir çərçivəsində ilk dəfə təşkil olunan “Çin və qlobal idarəetmə təşəbbüsü” sessiyası xüsusi maraq doğurub. Müəllifin qənaətinə görə, qlobal qeyri-müəyyənlik şəraitində Bakıda Çinin roluna dair aparılan müzakirələr əvvəlki illərlə müqayisədə daha açıq məzmunlu tonu ilə fərqlənib.
Yekun qiymətləndirmədə vurğulanır ki, eskalasiya risklərinin artdığı bir dövrdə Bakı intensiv qarşılıqlı əlaqə, şəffaflıq və sülh ab-havası nümayiş etdirib. Forum iştirakçıları təmkinliliyin dəyərini daha dərindən dərk edərək, Azərbaycan paytaxtını kövrək, lakin nəzərəçarpacaq bir dialoq məkanı kimi xarakterizə ediblər.
Məqalədə o da qeyd olunur ki, Bakı Forumu qlobal güclərin bir araya gəldiyi səmərəli platforma rolunu uğurla yerinə yetirib.