EN

İlahiyyatçı Əkrəm Həsənov: İnsan bir kökdən gəlir, məsuliyyət daşıyan varlıq kimi Adəmlə başlayır və onun hekayəsi təkcə bioloji deyil Video

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Türkiyədə “Quran müsəlmanlığı” anlayışının öncülərindən biri olan (ölüm 2016) ilahiyyatçı Yaşar Nuri Öztürk video müsahibələrinin birində deyir: “Bir gün Cəfər Sadiqdən soruşurlar ki, Adəm haqqında bizə məlumat ver. Cəfər Sadiq deyir ki, indiki insanın babası olan Adəmi deyirsiniz, yoxsa daha öncəki insan nəslinin atası Adəmi deyirsiniz? Quran məlumatlarında Adəmdən də əvvəl də bir insan nəsli var. Çünki mələklər Allaha deyir ki, sən bu Adəmi yaradırsan, bu qan tökər, zülm edər. Bunun nəyinə xəlifəm deyib, yer üzünə göndərirsən? Mələklər bunu haradan bilir? Mələklər qeybi bilməz. Daha öncə də gələn insan nəsli olduğu üçün mələklər insan nəslinin nə olduğunu bilir”...Həqiqətən çox maraqlıdır, biz neçənci insan nəsliyik? Quranda bu barədə nə buyurulur?

İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, din hər kəsin öz ağlı ilə yanaşacağı məsələ deyil: “Biz həm Quran ayələrinin zahiri mənasına, həm də bəzi fərdi rəylərə baxanda görürük ki, bəzi özlərini İslam dininin bilicisi kimi təqdim edən hədis inkarçıları və s. adamlar ayələrdən və hədislərdən yanlış nəticələr çıxarırlar. Ona görə də həmişə dinlə bağlı mövzularda məsələyə yanaşmada dəlillərə və mənbələrə baxmaq lazımdır.

Sizin dediyiniz fikirlərdə bildirilir ki, guya İmam Cəfər Sadiqdən soruşurlar ki, Adəm bizim ilk atamızdır, yoxsa ondan əvvəl də insanlar olub? Sonra iddia edilir ki, Qurana görə Adəmdən əvvəl də insan nəsilləri olub, mələklər də bunu bildiyi üçün Allahdan soruşublar ki, niyə yer üzündə qan tökəcək bir varlıq yaradılır. Bu yanaşma ilk baxışda məntiqli kimi görünə bilər, amma həm Quranın ümumi məzmunu, həm də klassik İslam alimlərinin izahları bu nəticəni təsdiqləmir.

Quranda Adəm haqqında açıq şəkildə bildirilir ki, o, insan nəslinin başlanğıcıdır. Nisa surəsinin 1-ci ayəsində deyilir ki, sizi tək bir nəfisdən yaratdı və ondan da zövcəsini yaratdı. Bu ayə İslam alimləri tərəfindən insan nəslinin bir kökdən gəldiyini göstərən əsas dəlillərdən sayılır. Həmçinin Peyğəmbərimiz Məhəmməd Peyğəmbər (ona və ailəsinə salam olsun) buyurur ki, hamınız Adəmdənsiniz, Adəm isə torpaqdan yaradılıb. Bu hədis insanlığın ortaq başlanğıcını açıq şəkildə ifadə edir.

Əsas arqument mələklərin sualı ilə bağlıdır. Bəqərə surəsi 30-cu ayədə mələklər deyir ki, yer üzündə fəsad törədəcək və qan tökəcək birini yaradacaqsan? Buradan belə nəticə çıxarılır ki, deməli, mələklər əvvəlki insanları görüblər. Amma böyük təfsir alimləri bu ayəni belə izah etmirlər. Məsələn; İbn Kəsir və Fəxrəddin Razi bildirirlər ki, mələklər bunu ya Allahın onlara verdiyi ümumi bilgi əsasında, ya da insanın torpaqdan yaradılıb ehtiras və seçim qabiliyyəti daşıyacağını anlayaraq deyiblər. Yəni bu, müşahidəyə deyil, nəticə çıxarmağa əsaslanır. Bəzi alimlər isə qeyd edir ki, Adəmdən əvvəl yer üzündə cinlər yaşayırdı və fəsad törədirdilər, mələklər də bunu bildiyi üçün oxşar nəticə çıxarırlar. Bu fikir Təbəri kimi alimlərdə də yer alır”.

“İmam Cəfər Sadiq adına istinad edilən bu cür rəvayətlərə gəlincə, İslam elmində çox mühüm bir prinsip var: hər deyilən sözün sənədi yoxlanılır. Şiə və sünni mənbələrində Adəmdən əvvəl çoxsaylı insan nəsillərinin olduğu fikri qəti və mötəbər qəbul edilmir. Bəzi fərdi rəylər və zəif rəvayətlər olsa da, bunlar ümumi aqidə səviyyəsində qəbul olunmur.

Müasir elm baxımından məsələyə yanaşsaq, biologiya və paleoantropologiya göstərir ki, insanın fiziki inkişafı uzun bir təkamül prosesindən keçib. Amma bu elmi model ilə Qurandakı Adəm anlayışı fərqli səviyyələrə aiddir. Quran daha çox insanın şüurlu, məsuliyyətli varlıq kimi başlanğıcını bildirir. Yəni Adəm yalnız bioloji varlıq deyil, həm də ilahi vəhy alan ilk insandır. Bu yanaşma bəzi müasir müsəlman tədqiqatçılar tərəfindən də irəli sürülür.

Bir sözlə, Adəmdən əvvəl bizim kimi insan nəsillərinin olduğu fikri nə Quranda açıq şəkildə var, nə də İslam alimlərinin ümumi mövqeyidir. Mələklərin sualı əvvəlki insanlara şahidlik deyil, ya ilahi məlumat, ya da məntiqi nəticə ilə izah olunur. Bu mövzuda ehtiyatlı olmaq lazımdır, çünki fərziyyəni dəlil kimi təqdim etmək insanlarda çaşqınlıq yaradır.

Bu məsələdə əsas xətt budur ki, insan bir kökdən gəlir, məsuliyyət daşıyan varlıq kimi Adəmlə başlayır və onun hekayəsi təkcə bioloji deyil, həm də mənəvi başlanğıcdır” - deyə Əkrəm Həsənov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
bizimyol.info

1Sources