EN

Yas mərasimlərinin mollakratiyası

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bir dəfə rayona yas mərasiminə getmişdim. Molla yaşlı-başlı bir adamdır. Surəni kitabın üzündən hıqqana-hıqqana oxuyurdu. Məndə belə fikir yarandı ki, bu adam heç nəyi oxuduğunu, niyə oxuduğunu da bilmir. Quranı guya avazla - xaric səslə oxuyur, fars boğazları edirdi.

Birdən oxumağı dayandırıb, bizimlə qarşı masada əyləşmiş, öz aralarında söhbətləşən beş-altı nəfərin üstünə qışqırdı: "Əəə, görmürsən, Quran oxunur?! Kəsin də səsinizi!"

Adamlar qəfil zərbədən çaşdılar, əvvəl mollaya, sonra da bir-birinə baxdılar. Çox pərt vəziyyətdə bir neçə saniyə donub qaldılar, sonra da hamısı bir nəfər kimi qalxıb məclisi tərk etdilər.

O adamların durub getməyi doğru idi, yoxsa yanlış, bu, ayrı söhbətdir. Ancaq mollaya kim icazə verib, kim ixtiyar verib ki, adamların üstünə qışqırsın, təhqir etsin?! İnsan iradəsi azaddır, istəyər qulaq asar, istəməz qulaq asmaz. Həm də sən molla o ayəni ərəb dilində, qol-qıçını qıra-qıra oxuyursan. Qulaq asanlardan biri mən: ərəb dilini bilmirəm, savadsız mollanın təhrif etdiyi ərəbcəni isə heç bilmirəm. Üstəlik o, artıq heç ərəbcə də deyil. Niyə qulaq asmalıyam.

Daha doğrusu, nəyə qulaq asmalıyam?!

Şəxsən mən ayrı. Onsuz da vəfat edənin ruhuna, qohum-qardaşına, məclisə hörmət əlaməti olaraq axıra qədər susub dinləyirəm mollanı. Ancaq dinləmək istəməyənə də deyəcəyim bir söz yoxdur. Əgər oxunan kəlamın gücü, onu oxuyanın qabiliyyəti dinlətməyə çatacaqsa, dinlədəcək. Yoxsa onun-bunun üstünə qışqır, gözünü ağart, ayağını yerə döy, yumruğunu masaya çırp...

Nə xeyri?!

Hələ bir məclisdə molla Yə sin oxumağa başlamazdan əvvəl bir hədisə istinadla dedi ki, kim Quran oxunanda söhbət edərsə, o, şeytanın dostudur. Bakıxanov qəsəbəsində isə bir yas mərasimində molla oxumağı dayandırıb camaata əmr edirdi ki, üç dəfə dalbadal qalxıb-otursunlar. Mənim ayağa durmadığım diqqətini cəlb eləmişdi, ona görə də üzünü mənə tutub, kinayəli tərzdə dedi: "O şəxs ki özünü camaatdan ayırıb, üstün tutur, mütləqdir ki, axirətdə atəşlərlə qovrulacaq".

İki daşın arasında molla məni "qır qazanı"na "atıb", cəhənnəm odu ilə "mükafatlandırdı".

Bunları, bilirsiniz, niyə yazıram. İndi təsəvvür edin bu molla bu aqressiv əda ilə, bu qısır təfəkkürlə keçib oturub ölkənin başında...

Ardını özünüz düşünün.

Seyid Əhmədli,

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
bizimyol.info

1Sources