EN

İran razılaşmanı qəbul etməsə, ABŞ döyüş əməliyyatlarını bərpa etməyə hazırdır

Bakı, 16 aprel, AZƏRTAC

İran sülh razılaşmasını qəbul etmədiyi təqdirdə, ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi qüvvələri döyüş əməliyyatlarını dərhal bərpa etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə cümə axşamı ABŞ-ın yüksək vəzifəli hərbi rəsmiləri bəyan ediblər.

“Reuters” agentliyinin məlumatına görə, razılaşmanı imzalatmaq məqsədilə Tehrana qarşı həyata keçirilən təzyiq kampaniyası çərçivəsində ABŞ hərbi qüvvələri İrana daxil olan və ya ölkədən çıxan bütün gəmilərə blokada tətbiq edir.

Çərşənbə günü Donald Tramp administrasiyası İranla müharibənin dayandırılmasına dair razılaşmanın əldə olunacağı ilə bağlı optimist mövqe sərgiləyib, eyni zamanda, Tehranın itaətsizlik nümayiş etdirməyə davam edəcəyi halda iqtisadi təzyiqin artırılacağı barədə xəbərdarlıq edib.

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn bildirib ki, ABŞ hərbi qüvvələri istənilən anda iri miqyaslı döyüş əməliyyatlarını bərpa etməyə hazırdır. Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər İran bayrağı altında üzən və ya İrana maddi dəstək göstərməyə çalışan istənilən gəmini təqib edəcək. Keyn qeyd edib ki, ümumilikdə 13 gəmi blokadanı yarmağa cəhd etməkdənsə geri dönməyə üstünlük verib və indiyədək heç bir gəmi limanlarda qəbul edilməyib.

 

Chosen
18
azertag.az

1Sources