ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş şəhərində 8-ci sinif şagirdi məktəbdə silahlı insident törədərək 9 nəfərin ölümünə səbəb olub.
Xatırladaq ki, bu hadisəyə bənzər hadisə ölkəmizdə də yaşanmışdı. "İdrak" liseyində 10-cu sinif şagirdi Ə.Ş. atasının tüfəngi ilə riyaziyyat müəllimi Şəhla Kamilovaya odlu silahdan atəş açaraq yaralamışdı.
Gənclərin bu kimi hadisələri törətməsinə səbəb nədir?
Redaktor.az-a açıqlama verən psixoloq Nabat Mirzəyeva bildirdi ki, son illərdə yeniyetmələr arasında müşahidə olunan aqressiv hadisələr və ağır davranış pozuntuları cəmiyyətdə haqlı bir narahatlıq doğurur:
"Bu cür halları tək bir səbəblə izah etmək mümkün deyil. Burada psixoloji, sosial, mühit və rəqəmsal faktorların kəsişməsi mühüm rol oynayır. Problemin kökünə endikdə, ilk növbədə ailə mühitinin təsirini görmək mümkündür. Uşağın böyüdüyü mühitdə zorakılıq, emosional soyuqluq, sevgisizlik və ya aşırı təzyiq mövcuddursa, bu, uşağın daxili gərginliyini artırır. Xüsusilə uşağın hisslərinin görməzdən gəlinməsi və özünü ifadə edə bilməməsi nəticəsində yığılan aqressiya, zamanla təhlükəli formalarda üzə çıxır. Bu proses birdən-birə deyil, kiçik psixoloji siqnalların illərlə toplanması nəticəsində baş verir".
Müsahibimiz əlavə etdi ki, valideyn nəzarətinin zəif olması və ya sərhədlərin düzgün müəyyənləşdirilməməsi bir risk faktorudur:
"Lakin burada söhbət kor-koranə qadağalardan deyil, izahlı və məntiqli sərhədlərdən gedir. Yeniyetməyə nəyi, nə üçün etməməli olduğu dürüst şəkildə izah edilməli, onun emosional ehtiyacları qarşılanmalıdır. Eyni zamanda, sosial şəbəkələrdə və filmlərdə nümayiş olunan zorakılıq səhnələrinin təsirini də unutmaq olmaz. Hər nə qədər hər zorakılıq izləyən yeniyetmə aqressivləşməsə də, daxili dünyasında psixoloji boşluq və gərginlik olan gənclər üçün bu görüntülər bir "model" rolunu oynaya bilir. Onlar gördükləri bu səhnələri normallaşdırmağa və öz həyatlarına tətbiq etməyə meyilli olurlar.
Yeniyetməlik dövrü özlüyündə bir kimlik axtarışıdır. "Mən kiməm?" sualına cavab axtaran yeniyetmə qəbul olunma və aid olma ehtiyacı duyur. Bu mərhələdə sosial təcrid, məktəb mühitində yaşanan problemlər və ya müəllim-şagird ünsiyyətindəki qopuqluq riskli davranışları aktivləşdirə bilər. Bu neqativ halların qarşısını almaq üçün valideynlər övladları ilə güvənə dayanan, mühakiməsiz və qınamasız bir ünsiyyət dili qurmalıdırlar. Uşaq hiss etməlidir ki, o, eşidilir və başa düşülür".
Psixoloq profilaktik tədbir kimi yeniyetmənin asudə vaxtının səmərəli təşkili, idman və ya müxtəlif hobbilər vasitəsilə sosial-emosional bacarıqlarının inkişaf etdirilməsi vacibliyini vurğuladı.
"Valideynlər övladlarının izlədiyi məzmunları onlarla birlikdə müzakirə etməli, virtual dünya ilə real həyat arasındakı fərqi onlara aydın şəkildə izah etməlidirlər. Unutmaq olmaz ki, şiddət və aşırı qəzəb heç bir halda qəbulolunmazdır. Əgər ailə daxilində bu problemlərin öhdəsindən gəlmək mümkün deyilsə, vəziyyət daha ağır fəsadlara yol açmadan mütləq mütəxəssis dəstəyinə müraciət edilməlidir".
Xədicə BAXIŞLI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.