EN

Azərbaycanın strateji kursu qlobal müstəvidə sabitlik və etimad modelinə çevrilib ŞƏRH

Bakı, 16 aprel, AZƏRTAC

Hazırda geosiyasi vəziyyət İkinci Dünya müharibəsindən sonra tarixin ən dərin sarsıntılı dövrünü yaşayır. Qarşıdurmaların intensivləşməsi, regional münaqişələrin qlobal təhlükəsizlik sisteminə təsirinin artması və beynəlxalq hüququn passiv şəkildə tətbiqi XXI əsrin ciddi problemlərindən birinə çevrilib. Dünyanın müxtəlif nöqtələrində baş verən müharibələr təkcə tərəfləri deyil, bütövlükdə dünya iqtisadiyyatını, enerji təhlükəsizliyini və sabitliyi sarsıdır. Belə bir mürəkkəb siyasi mənzərə qarşısında Azərbaycanın 44 gün ərzində əldə etdiyi hərbi-siyasi Zəfər, sözün əsl mənasında, nümunəvi uğur kimi özünü göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi təkcə ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmədi, eyni zamanda, müasir müharibə konsepsiyalarının səmərəli tətbiqinin parlaq nümunəsinə çevrildi.

“Düşünürəm ki, bu Qələbə təsadüfi deyildi, onun arxasında uzun illər ərzində formalaşan strateji yanaşma, siyasi iradə və hərbi hazırlıq dayanırdı. Məhz buna görə Azərbaycan modelinin müasir münaqişələrin həlli üçün alternativ yanaşma olduğu bir reallıqdır. Bu modelin əsas xüsusiyyətləri güclü siyasi iradə, strateji səbir, müasir ordu quruculuğu, milli birlik və beynəlxalq hüquqa əsaslanan mövqedir. Bu gün dünyanın müxtəlif bölgələrində uzanan və qeyri-müəyyən sonluğa malik münaqişələr fonunda Azərbaycanın qazandığı Qələbə yalnız regional uğur deyil, həm də qlobal dərs kimi qiymətləndirilməlidir”, - deyə deputat əlavə edib.

M.Cəfərov bildirib ki, Azərbaycan rəhbərliyinin istər daxili, istərsə də xarici siyasəti xalqın istəyinə uyğunluğu ilə seçilir.

“Prezident İlham Əliyevin xarici siyasətdə əsas götürdüyü prioritetlər də məhz xalqımızın milli mənafeyinə xidmət etməkdir. Düşünülmüş uğurlu dövlət siyasətinin nəticəsidir ki, Azərbaycan dünyada müşahidə olunan qlobal siyasi və iqtisadi böhran fonunda günü-gündən inkişaf etməklə yanaşı, həm də bütün dünyada etibarlı tərəfdaş və sülhsevər ölkə kimi tanınır. Qərb siyasi dairələri də artıq etiraf edirlər ki, Azərbaycanın iştirakı və razılığı olmadan regionda irimiqyaslı layihələr həyata keçirmək mümkünsüzdür. Məhz bu reallığın fonunda Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu daxili və balanslaşdırılmış xarici siyasət həm regional, həm də beynəlxalq müstəvidə mövqeyimizin möhkəmlənməsini daha da sürətləndirir”, - deyə deputat vurğulayıb.

Chosen
37
azertag.az

1Sources